1 kəndi verib, 4 kəndi alacağıq? - Ermənistan anklavlar məsələsinə RAZILAŞIB?

Ermənistanda Konstitusiya dəyişikliyi müzakirələri fonunda Azərbaycan-Ermənistan münasibətlərində uzun müddətdir həllini gözləyən anklavlar məsələsi yenidən gündəmə gəlib.

Aug 13, 2026 - 15:11
1 kəndi verib, 4 kəndi alacağıq? - Ermənistan anklavlar məsələsinə RAZILAŞIB?

SAVASHMEDİA.az-ın xəbərinə görə, Ermənistanın “Hraparak” nəşri hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, anklavların taleyinə Ermənistan Konstitusiyasına dəyişikliklərdən sonra aydınlıq gələcək. 

Xatırladaq ki, Azərbaycanın Ermənistan ərazisində qalan əsas anklavları Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləridir. Kərki Naxçıvanın Sədərək rayonuna, digər üç kənd isə Qazax rayonuna aiddir. Bu kəndlər hazırda Ermənistanın nəzarətindədir.

2024-cü ildə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə sərhəddə mühüm addım atılsa da, dörd anklavın məsələsi hələ açıq qalır.

Ermənistanın da anklav iddiası var

İrəvan isə Azərbaycanın nəzarətində olan Gədəbəy rayonunun Başkənd kəndini “Artsvaşen” adı ilə Ermənistanın anklavı hesab edir. Ermənistan Baş naziri Nikol Paşinyan da anklav və eksklav məsələsinin həll olunmalı olduğunu bildirib.

Beləliklə, tərəflərin qarşılıqlı iddialarının mərkəzində Azərbaycanın 4 anklavı - Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı, Ermənistanın isə Başkənd (Artsvaşen) kəndi ilə bağlı mübahisələri dayanır.

Səlcuq