Cəmi 5 dəqiqəlik stress orqanizmə bu zərəri vurur – XƏBƏRDARLIQ!
Kəskin psixoloji stress cəmi bir neçə dəqiqə ərzində qan laxtalarının strukturunu dəyişdirə və qanın laxtalanma sistemini aktivləşdirə bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu, “The Journal of Physiology” (JP) jurnalında dərc olunan araşdırmada bildirilib.
Təcrübədə 18-30 yaş aralığında olan səkkiz sağlam kişi iştirak edib. Onların hər biri bir həftə fasilə ilə iki dəfə laborator müayinədən keçib. Seansların birində iştirakçılar sakit şəkildə istirahət edib, digərində isə stress testinə məruz qalıblar.
İştirakçılara əvvəlcədən məlumatlı olmadıqları nitq hazırlamaq üçün beş dəqiqə vaxt verilib. Daha sonra onlardan ekspertlər qrupu və kamera qarşısında çıxış etmək, ardınca isə mürəkkəb şifahi hesablama tapşırığını yerinə yetirmək tələb olunub. Qan nümunələri hər bir testdən əvvəl və sonra götürülüb.
Stress testindən sonra alimlər oksidləşdirici stressin artması əlamətlərini aşkar ediblər. Belə ki, qanda sərbəst radikalların səviyyəsi yüksəlib. Eyni zamanda qan laxtalarının mikroskopik quruluşunda dəyişiklik baş verib. Yəni qandakı fibrin şəbəkələri — zülaldan ibarət “skeletlər” — daha iri və sıx olub, laxtaların özləri də daha sıx hala gəlib. Bundan əlavə, qismən tromboplastin vaxtının aktivləşmə müddəti azalıb. Bu göstərici qanın laxtalanmasının daxili yolunun fəaliyyəti ilə əlaqəlidir. Bununla belə, alimlər qanın ümumi özlüyündə və onun maye hissəsinin sıxlığında artım aşkar etməyiblər.
Tədqiqatçılar hesab edirlər ki, aşkar edilən dəyişikliklər psixoloji gərginliyə cavab olaraq yaranan oksidləşdirici stresslə əlaqəli ola bilər. Bununla yanaşı, müəlliflər vurğulayırlar ki, nəticələr adi qısamüddətli stressin birbaşa infarkt və ya insult yaratdığı anlamına gəlmir.
Hazırda alimlər eyni mexanizmin qadınlarda, yaşlı insanlarda və ürək-damar xəstəlikləri olan pasiyentlərdə də müşahidə edilib-edilmədiyini araşdırmağı planlaşdırırlar.
Banu