Paşinyan açıqladı: Azərbaycana erməni məhsulları gəlir - Siyahıda hansı mallar var? 

Ermənistanın Azərbaycana məhsul ixracına başlanması ilə bağlı yeni açıqlama verilib.

Aug 13, 2026 - 15:42
Paşinyan açıqladı: Azərbaycana erməni məhsulları gəlir - Siyahıda hansı mallar var? 

SAVASHMEDIA.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün jurnalistlərlə söhbətində Ermənistandan Azərbaycana mal ixracının yaxın zamanda başlayacağını bildirib.

Paşinyanın sözlərinə görə, iki ölkə arasında qarşılıqlı ticarətin inkişafı gündəmdədir və yaxın vaxtlarda Ermənistandan Azərbaycana da məhsul tədarükü həyata keçiriləcək.

Baş nazir Azərbaycana hansı məhsulların göndəriləcəyini isə açıqlamayıb. Lakin Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyanın daha əvvəl açıqladığı siyahı bu məsələyə müəyyən aydınlıq gətirir.

Azərbaycana hansı erməni məhsulları gələ bilər?

Erməni tərəfinin təqdim etdiyi siyahıda alüminium folqa, onun istehsalı üçün xammal, ferromolibden və tekstil məhsulları yer alıb.

Bundan başqa, Azərbaycana qızılgül, istixana pomidoru və bibər ixracı da müzakirə olunub. Ermənistan tərəfi bu məhsullar üzrə təxmini qiymət və mümkün ixrac həcmləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim edib.

Siyahıda həmçinin tütün və konyak istehsalı üçün xammalın da nəzərdə tutulduğu qeyd olunub.

İndi nə dəyişib?

Bu məhsulların Azərbaycana satılması daha əvvəl yalnız müzakirə və hazırlıq mərhələsində idi. Paşinyanın 13 avqust tarixli yeni açıqlaması isə prosesin artıq praktiki mərhələyə keçdiyini göstərir.

Hazırda əsas sual ilk tədarükün hansı məhsulla, hansı həcmdə və hansı marşrutla həyata keçiriləcəyidir.

Bildirək ki, 2026-cı ilin ilk yarısında Ermənistandan Azərbaycana dolayı idxalın həcmi 960 dollar təşkil edib. Eyni dövrdə Azərbaycandan Ermənistana ixrac 17,1 milyon dollara çatıb.

Aytən