Aİ Rusiyaya qarşı sanksiyaların 16-cı paketini razılaşdırıb – “Financial Times”

ABŞ-nin Ukraynada müharibəyə son qoymaq üçün apardığı danışıqlara baxmayaraq, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaların yeni paketini razılaşdırıblar.

Feb 19, 2025 - 13:22
Aİ Rusiyaya qarşı sanksiyaların 16-cı paketini razılaşdırıb – “Financial Times”

SAVASHMEDİA.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Bu, artıq Rusiyanın genişmiqyaslı işğalından sonra Aİ-nin 16-cı sanksiyalar paketidir. O, xüsusilə Rusiyanın alüminium sənayesinə yönəlib və neft ixracına məhdudiyyətlərin daha da sərtləşdirilməsini nəzərdə tutur.

Paketin məzmunu ilə tanış olan mənbələrə görə, sanksiyalar siyahısına 13 yeni bank, Rusiyanın neft ixracı üçün istifadə etdiyi “kölgə donanması” adlandırılan 73 tanker və Aİ ölkələrinin Rusiya alüminium məhsullarının müəyyən növlərinin alınmasına tədricən qadağa daxildir.
 
Çərşənbə günü səhər Aİ-nin bütün 27 ölkəsinin səfirləri tərəfindən razılaşdırılan yeni paket Rusiyaya Ukraynaya müharibə aparmağa kömək edən əlavə fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları da əhatə edir.

Xatirə SADİQ