Azərbaycan muğamı 1977-ci ildə kosmosa niyə göndərilib? – SƏBƏB + HƏMİN İFA
Azərbaycan muğamının səsi insanlığın kosmosa göndərdiyi ən məşhur mesajlardan birində yer alıb.
SAVASHMEDIA.az xəbər verir ki, 1977-ci ildə kosmosa göndərilən “Voyager 1” kosmik aparatının üzərində “Golden Record” adlandırılan xüsusi disk yerləşdirilib.
Qızılla örtülmüş mis diskdə Yer kürəsini və insanlığı tanıtmaq məqsədilə şəkillər, Yerə aid səslər, 55 dildə salamlaşmalar və müxtəlif musiqilər yer alır.
Musiqilərin seçilməsində əsas məqsəd gələcəkdə kosmik aparatı başqa ağıllı sivilizasiyanın tapması ehtimalına qarşı Yer kürəsinin mədəniyyətini nümayiş etdirmək olub.
Diskdə dünyanın müxtəlif bölgələrindən musiqilərlə yanaşı, məşhur klassik əsərlər də yer alıb. Onların arasında Lüdviq van Bethovenin 5-ci simfoniyası, Volfqanq Amadey Motsartın “Sehrli fleyta” operasından “Gecənin kraliçası” ariyası, İohan Sebastyan Baxın əsərləri, həmçinin Çak Berrinin “Johnny B. Goode” və Lui Armstronqun “Melancholy Blues” ifası var.
Həmin əsərlər arasında Azərbaycanı təmsil edən xüsusi bir ifa da var. Kamil Cəlilovun balabanla ifa etdiyi “Muğam (Çahargah ahəngi)” kompozisiyası “Golden Record”a daxil edilib.
Hazırda “Voyager 1” Günəş sisteminin heliosferindən kənarda, ulduzlararası fəzada hərəkət edir. Beləliklə, Kamil Cəlilovun balaban sədaları da insanlığın kosmosa göndərdiyi mesajın bir hissəsi kimi yoluna davam edir.
Oğuz