Azərbaycanla Kolumbiya arasında viza rejimi LƏĞV EDİLDİ
Azərbaycan və Kolumbiya adi pasport sahibləri üçün viza tələbini qarşılıqlı şəkildə ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobarla görüşüb.
Görüşdə Azərbaycan-Kolumbiya münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər, həmçinin BMT də daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, regional və beynəlxalq proseslər, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda “Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” imzalanıb.