Əkrəm İmamoğlu sağlamlıq müayinəsindən keçirildi
İstanbul Baş Prokurorluğunun apardığı iki ayrı istintaq çərçivəsində nəzarətə alınan İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədri Əkrəm İmamoğlu sağlamlıq müayinəsindən keçib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözçü” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, İmamoğlunun və istintaq çərçivəsində saxlanılan bəzi şübhəlilərin səhhətinin yoxlanılması İstanbul Polis İdarəsinin Vətən şəhərciyinin yaxınlığında yerləşən İstanbul Tibb Fakültəsinin əlavə binasında 2 məhkəmə tibb eksperti və 1 məhkəmə tibb texniki tərəfindən aparılıb.
Bəzi şübhəlilərin ətrafdakı xəstəxanalarda da müayinə edildiyi öyrənilib.
Qeyd edək ki, bu gün polis tərəfindən aralarında İBB sədri Əkrəm İmamoğlu, onun müşaviri Murat Ongun, Beylikdüzü bələdiyyə sədri Murat Çalık, Şişli bələdiyyə sədri Rəsul Emrah Şahan və müğənni Ercan Saatçının da olduğu 84 şübhəlinin saxlanılması məqsədilə əməliyyatlar keçirilib.
Polis qrupları 22 şübhəlinin tutulması üçün işlərini davam etdirir.
Xatirə SADİQ