"Ən qorxulusu da elə odur" - Qurbanovdan "Ayaks" açıqlaması
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Niderlandın “Ayaks” klubu ilə UEFA Çempionlar Liqasının VI tur oyunundan öncə mətbuat konfransına qatılıb.
SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
“Çox vacib oyundur. Hazırlaşmağa bir o qədər də vaxtımız olmadı. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oyanaycağıq. Qarşımızda qalib gəlmək istəyən bir komanda var. Onların proqramına baxanda da bəlli olur ki, bizə qarşı çox ciddi hazırlaşıblar. Bakıya iki gün öncə gəliblər, fərqli yerdə məşq edəcəyik. Çox istərdik ki, bu oyunda yaradıcı oynayaq. Azarkeşləri sevindirməyə çalışacağıq”.
- “Ayaks”ın 5 oyundan sonra xalsız olması “Qarabağ”ın oyunçularına necə təsir edəcək?
- Elə ən təhlükəlisi budur. Ondansa “Qarabağ”a güvənərək xal gözləmək daha doğrudur. Hər rəqibə qarşı belə fikirlər olur. Bu da bizə əlavə təcrübə verir ki, futbolçuları oyuna kökləyək. Nəzərə almaq lazımdır ki, qarşımızda “Ayaks” var.
- Bütün Niderland mətbuatı “Qarabağ”ın indiki durumda “Ayaks”dan üstün olduğunu yazır…
- Buna bir azərbaycanlı kimi sevinə bilərəm. “Qarabağ”ı belə dəyərləndirirlərsə, buna ancaq sevinə bilərik. Deməli, öz nəticələrimizlə bunu haqq etmişik. Yəqin ki, ümumi illərin nəticəsinə görə belə yazırlar.
- Mövsümün əvvəlində qarşınıza qoyduğumuz məqsədin neçə faizinə çatmısınız?
- Bəlkə də razılaşa bilərik ki, buna nail olmuşuq. “Benfika” üzərində qələbəni yenilik kimi qəbul etmişik. Daha sonra davamı gəldi. Sadəcə, ümumi götürsək, illik nəticəyə görə çox yaxşıdır. Amma biz dayanmaq istəmirik. Əgər şansımız varsa, daha da irəli getmək istəyirik. Çünki böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Bu günə kimi olan nəticədən çox razıyam, amma daha da böyük olmaq üçün yenə nəticə vermək lazımdır.
- Əvvəl qarşılaşdığınız “Ayaks”la indiki arasında nə kimi fərqlər var?
- Futbol dedikdə, “Ayaks” həmişə öndə olub. Onların uşaq akademiyası, fəlsəfəsi… “Ayaks” dedikdə Yohan Kroyf yada düşür. Hansı ki, bugünkü baxımlı futbolun banisidir. Belə bir daha futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, sistem həmişə qalacaq. Biz “Ayaks”a qarşı oynayırıq və ciddi davranmalıyıq.
Aytən