"Epşteyn adası" haqqında MARAQLI FAKTLAR 

“Epşteyn faylları” ABŞ-də uzun illərdir haqqında danışılmasına baxmayaraq, son günlərdə dünyanın gündəminə çevrilib. ABŞ Ədliyyə Nazirliyi cinayət işi ilə bağlı 3 milyon səhifəlik dosye yayıb.

Feb 4, 2026 - 12:57
Feb 4, 2026 - 13:10
"Epşteyn adası" haqqında MARAQLI FAKTLAR 

Yayılmış dosyedə, siyasət, şou-biznes və elm sahəsi üzrə dünyaca məşhur şəxslərin adı var.

Açıqlanan sənədlərdə cinayətlərin baş verdiyi yerlərin adları da çəkilib. Sənədlərə görə, qurbanlar müxtəlif yerlərə, o cümlədən Nyu Yorkdakı malikanəyə, “Palm Beach”dəki villaya, Virgin Adalarındakı şəxsi adaya və Santa Fe yaxınlığındakı bağ evinə, bəzi şahidlərin "pedofiliya adaları" adlandırdıqları və Epşteynin seks alveri şəbəkəsinin mərkəzi olduğu iddia edilən Karib dənizindəki Kiçik və Böyük Sent Ceyms adalarına aparılıblar.

SAVASHMEDİA.az xəbər verir ki, “cinayət adası” da adlandırılan “Kiçik Sent-Ceyms” (Little Saint James) adasını Ceffri Epşteyn 1998-ci ildə satın alıb. 

Karib dənizində, ABŞ-nin Virgin adaları ərazisində yerləşir. Sahəsi kiçik olsa da (32 hektara yaxın), təbii limanları, tropik iqlimi ilə seçilir. C.Epşteynin satın almasından sonra ada uzun illər ictimaiyyətə qapalı olub və yüksək təhlükəsizlik tədbirləri ilə qorunub. Epşteyn daha sonra “Böyük Sent-Ceyms” (Great Saint James) adasını da alaraq, ərazini şəxsi istirahət və ziyafət məkanı kimi istifadə edib. Adada villalar, qonaq evləri, liman, helikopter meydançası və müxtəlif infrastruktur mövcud olub.

Ada dünyada yetkinlik yaşına çatmayanların cinsi istismarı, insan alveri və zorakılıq iddiaları ilə bağlı tanınmağa başlayıb. İddialara görə, Epşteyn və onun ətrafındakı bəzi şəxslər adadan qanunsuz fəaliyyətlər üçün istifadə ediblər.

2019-cu ildə Epşteynin ölümündən sonra “Kiçik Sent-Ceyms” adasında hüquqi araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanları adada yoxlamalar aparıblar. Son illərdə satışa çıxarılıb və gələcəkdə necə istifadə olunacağı ilə bağlı müzakirələr aparılır. Keçmiş fəaliyyət səbəbi ilə simvolik olaraq qaranlıq reputasiyaya malik ada hələ də ictimaiyyət üçün açılmayıb. “Epşteyn adaları” müasir tarixdə güc, pul və cəzasızlıq mövzularının necə təhlükəli nəticələr doğura biləcəyinin simvoluna çevrilib. 

Ceffri Epşteyn kimdir?

Ceffri Eduard Epşteyn 1953-cü ilin 20 yanvarında ABŞ-nin Nyu-York şəhərində yəhudi ailəsində anadan olub. Əmək fəaliyyətinə müəllim kimi başlayıb, daha sonra bank və maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb.

Tez zamanda varlanıb və sözü keçən iş adamına çevrilib. O, Stiven Hokinq (alim,fizik), Bill Klinton (ABŞ-nin keçmiş prezidenti,siyasətçi),  Donald Tramp, Kevin Speysi (aktyor və rejissor), Alan Derşovits  (hüquqşünas,professor), York Hersoqu Şahzadə Endryu (Britaniya kraliçası II Elizabetin oğlu) kimi məşhur şəxslərlə dost olub. Lakin dünya onu aralarında yetkinlik yaşına çatmayan qızlar da daxil olmaqla, çoxlu insana qarşı cinsi zorakılıq etməsi və seks xidməti şəbəkəsinin rəhbəri kimi tanıyıb.

Polis Epşteynlə bağlı araşdırmaya ilk dəfə 2005-ci ildə başlayıb. Buna səbəb onun “Palm Beach” Floridada 14 yaşlı bir lisey şagirdinə pul qarşılığında erotik masaj təklif etməsi olub. 2006-ci ildə pedofiliya ittihamı ilə saxlanılıb. 2008-ci ildə ona 18 yaşdan kiçik iki qızı cinsi istismar etdiyinə görə hökm oxunub. 

13 ay həbsdə qaldıqdan sonra 2009-cu ildə azad edilib. Dünya ictimaiyyəti onu 2019-cu ildə azyaşlılara təcavüz və seks xidmətinin təşkili ilə ittiham olunanda tanıyıb. Epşteyn 6 iyul 2019-cu ildə həbsə atılıb. 10 avqust 2019-cu ildə 66 yaşında həbsxanada intihar edib. 

Epşteynin intiharından sonra vəkilləri onun öldürüldüyünü iddia etsələr də, tibbi ekspertiza intihar olduğunu bildirib. Epşteynə azyaşlı qızları tədarük etməkdə və qadın alverində kömək edən şəxs, sevgilisi Qisleyn Maksvel 2020-ci ildə həbs edilib.

Banu