"Neftçi" "Qarabağ"a bunu da etdi - Hansı xahişinə "yox" deyib?
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşı keçiriləcək səfər matçına yaxşı hazırlaşmaq üçün PFL-ə müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ağdam təmsilçisi İngiltərəyə yollanmazdan öncə Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”yə qarşı keçiriləcək matçın təxirə salınmasını istəyib.
“Köhlən atlar” bununla bağlı PFL-ə məktub göndərib.
Çempionatın təşkilatçısı olan qurum da öz növbəsində razılıq üçün “Neftçi”yə müraciət edib. Lakin Bakı klubu “Qarabağ”ın bu istəyini geri çevirib.
“Neftçi”nin Media üzrə koordinatoru Rüstəm Əfsərli də açıqlamasında məlumatı təsdiq edib:
“Qarabağ”dan belə bir təklif gəlmişdi, amma biz bundan imtina elədik. Çünki komandamızın qarşısında hədəflər var, mövsüm sona yaxınlaşır, həlledici mərhələyə qədəm qoyuruq. Bu hədəflərə uyğun olaraq da hazırlıq planı nəzərdə tutulub. Hər hansı matçın vaxtının, yerinin dəyişdirilməsi planlara mənfi təsir göstərə bilər. Buna görə də fikirləşdik ki, oyunun təxirə salınması məqsədəuyğun deyil. Ən yaxşısı elə təqvimlə nəzərdə tutulan həftədə matçın oynanılmasıdır”.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü fevralın 21-i keçiriləcək və saat 19:00-da başlayacaq.
Çempionlar Liqasının pley-offunun cavab görüşü çərçivəsindəki “Nyukasl” – “Qarabağ” görüşü isə Mərkəzi Avropa vaxtı ilə 24 fevral saat 21:00-da, Bakı vaxt ilə 25 fevral saat 00:00-da start götürəcək.
Xatırladaq ki, "Neftçi" klubu bundan öncə Çempionlar Liqasındakı uğuru münasibətilə "Qarabağ"ı təbrik etməməsi ilə gündəmə gəlmişdi.
Oğuz