Ev heyvanı - yalnız həqiqət
Heyvan nədir - güman edirəm ki, bilirsən. Bəs ev?
Tövlə - mal-qaranın, qoyun-quzunun "ev"idir.
Hində - toyuq-cücə, ördək, qaz yaşayır.
Siçanın da yuvası var.
Evi isə insan özü üçün tikir.
Bəs "ev heyvanları" ifadəsi haradan meydana gəlib?
Sovet dövründə təhsil alanlar deyirlər ki, neçənci sinifdəsə "SSRİ tarixi" dərsliyində əhəmiyyətli şəkil vardı. Taxta-şalbandan quraşdırılmış uzunsov barakın rəsmi. O, ev idi. Tikilinin bir tərəfində at bağlanmışdı. Ondan sonra inək və buzov dururdu. Deyəsən, 1-2 qoyun-keçi də var idi. Ardınca bir neçə toyuq-xoruz, digər quşlar gəlirdi. İt və pişik "rəssama mane olmamaq üçün" divarın yanında oturmuşdu. Nəhayət, insanlar - ev sahibi və ailəsi. Masa arxasında əyləşmişdilər. Gecə isə ailə üzvləri yerdə yanaşı uzanır, piyin içində yanan nazik talaşanı söndürüb, heyvan nəcisinin assorti üfunətində gecələyirdilər. Rus elə buradaca yeyir, yatır, evlənir, ...doğur, keçinirdi. Sonradan varlı ailənin barakı böyüdü, heyvanlarının sayı artdı. Ölçülər qane etməyəndə, var-dövlət imkan verəndə kim isə ayrıca ev tikdi: özü üçün - ayrı, heyvan üçün - ayrı.
Babam xatırlayır ki, uşaq olarkən valideynlərinə az qala yalvarırdı evdə pişik saxlamağa icazə versinlər. Cavab isə bir və qəti idi: "Evdə heyvan saxlamazlar". Həmin cavabı sonradan babam estafet çubuğu kimi atama vermişdi. İllər keçdi, atamdan xahiş etdim ki, itə, heç olmasa pişiyə razı olsun. Necə düşünürsən, nə cavab verdi? Hə. Mən də həmin cavabı götürdüm, balalara ötürdüm: "Evdə heyvan saxlamazlar!". Üstəlik əlavə etdim: "Ev heyvanın olsaydı, zoopark adlanardı".
Dünya salto edərək ağıldan, məntiqdən o yana düşüb. İndi hər cür heyvan barakın, pardon, evin yuxarı başına keçir. İnsan, getdikcə, çıxışa yaxınlaşır...
Zəif damarımı tutaraq, "YouTube" mənə daim heyvan süjetləri göndərir. Yaxşı, hesab edək ki, pişik səliqəlidir, özünü öyrətdiyin yerdə boşaldır. İt isə gündə iki dəfə səndən xahiş edir: "Məni oppa apar". Bəs donuz, dovşan, quzu, çəpiş?.. Axı onların "dünya nizamı"ndan xəbəri yoxdur - harada gəlsə, orada və böyük həcmdə "rahatlanır". "YouTube", əlbəttə, bunu göstərmir. Süjetlərdə yalnız təmizlik, ancaq "mi-mi-mi" var.
Uşaqlıqda qonşumuz latış qarı Zelma xala pişik saxlayırdı. Heyvan evdə yeyir, yatır, həyətdə, küçədə gəzir və gəzəyənlik edirdi. Balalayanda isə, əgər heç kəs götürüb aparmasa, Zelma xala gözü bağlı körpələri qaynar suya salıb məhv edirdi. Təsadüfi deyildi ki, məhəllədə arxasınca onu "Faşist", "Gestapo" adlandırırdılar.
Bir dəfə yaşı 50-dən çox olan mülayim xasiyyətli kişi dedi: "Pişik təmizkar heyvandır". Fikrinin səbəbini soruşanda, nadan insan cavab verdi: "Çünki əl-üzünü tüpürcəklə yuyur, arxasını çirkin qalmağa qoymur - yalayıb təmizləyir". Oxşayır, həmin kişi və onun ailə üzvləri də gigiyenaya məhz belə riayət edirlər.
İndi evdə nə saxlamırlar! Bakıda Berberovlar ailəsi şirlə birgə şəhər mənzilində yaşayırdı. "Kinq" ləqəbli həmin iri heyvan "İtaliyalıların Rusiyada qeyri-adi sərgüzəştləri" filmində çəkilmişdi. Onu milis işçisi vəzifə borcunu yerinə yetirərək güllələdi. Ailə bununla sakitləşmədi, ikinci nüsxəni - evə, özünü - işə saldı: yeni şir ailə üzvlərinə hücum etdi, faciə baş verdi.
Zəhərli və zəhərsiz ilanlar, piton, timsah, iquana və başqa növ kərtənkələlər, meymun, dovşan, dələ, hind donuzu, siçovul... Onları - qondarma "ev heyvanları"nı saymaqla özümüzü yormayaq.
Heyvanları mənim qədər sevən adam tanımıram. Hərçənd, "Animal planet" kanalında bir qoca professor söyləyir: "Bütün mühazirə və müsahibələrimdə deyirəm - itinizi öpməyin, amma özümü saxlaya bilmirəm və itimi öpürəm". Səmimi insandır. Həm də, axı öpmək öpüşmək deyil.
Artıq başa düşdüyün kimi, evimdə it, pişik yoxdur. Qonşuların itini gördükdə, qəlbimdə mütləq onunla "salamlaşıram". Bir vaxt maraqlanırdım ki, qohum və tanışlardan kimin pişiyi varsa, hədiyyə alıb qonaq gedim. Öpüşməyə yox, heç olmasa bir saat tumarlamaq üçün. Üzbəüz binadakı yaramaz insan isə arvadına qəzəblənərək, onun pişiyini 6-cı mərtəbədəki eyvanından asfalta atdı. Narahat ürəkləri sakitləşdirim: pişik zədə alsa da, sağdır. Onu başqa - əsl adam götürdü, baytarın yanına apardı, sağaltdı və indi özü saxlayır. "Qəhrəman" da bu gün sağdır. Çünki pişik böyük qardaşı pələngə hələ xəbər verməyib...
İt insanın ən sədaqətli dostudur. Həm keşikçi, həm bələdçi, həm mehriban qonşu, həm etibarlı yol yoldaşı. Biz iti onun məhəbbətinin cavabında sevirik. Onlar bizi hansı səbəbdən - heç başa düşmürəm. Həyətli evdə yaşasaydım, özümü itsiz təsəvvür etmirəm. Evimin içində isə - istər kandarda, istər eyvanda - qətiyyən yox! Mən yalnız bir ev heyvanı tanıyıram. Onu heç kəs arzu etmir, almır, gətirmir. O - siçandır, özü gəlir.
A.ƏZİZ