Gürcüstan və Ermənistanda avtomobil Azərbaycandan çoxdur - Bəs tıxacda niyə biz qalırıq?

Bakıda xüsusilə səhər və axşam saatlarında yollarda yaranan uzun tıxaclar gündəlik həyatın bir hissəsinə çevrilib. Problemin əsas səbəblərindən biri kimi isə şəhərdə avtomobillərin sayının çox olması göstərilir.

Sep 23, 2026 - 00:23
Gürcüstan və Ermənistanda avtomobil Azərbaycandan çoxdur - Bəs tıxacda niyə biz qalırıq?

SAVASHMEDIA.az xəbər verir ki, rəqəmlər isə məsələyə bir qədər fərqli baxmağımızı tələb edir.

Belə ki, hər 1000 nəfərə düşən minik avtomobillərinin sayına görə Azərbaycan qonşu Gürcüstan və Ermənistandan geridədir.

Gürcüstanda hər 1000 nəfərə təxminən 415 minik avtomobili düşür. Ermənistanda bu göstərici 300-dən çox, Azərbaycanda isə təxminən 163 avtomobildir.

Bu rəqəmlər göstərir ki, Azərbaycanda adambaşına düşən avtomobil sayı qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Bu baxımdan Bakıda yaranan tıxacları yalnız avtomobillərin çoxluğu ilə izah etmək kifayət etmir.

Paytaxtda əhalinin və iş yerlərinin böyük hissəsinin cəmləşməsi, insanların eyni saatlarda eyni istiqamətdə hərəkət etməsi, yol şəbəkəsinin buraxılış imkanları və şəhər nəqliyyatının təşkili də tıxacların yaranmasına təsir edən əsas amillərdəndir.

Bundan başqa, işləyən əhalinin ölkə üzrə bölgüsündə Bakının böyük paya sahib olması regionlarla paytaxt arasında ciddi hərəkətlilik yaradır. Əhalinin, iş yerlərinin və iqtisadi aktivliyin paytaxtda cəmlənməsi nəticə etibarilə nəqliyyat yükünün də Bakıda toplanmasına səbəb olur.

Deməli, məsələ təkcə Bakıda neçə avtomobilin olması deyil. Əsas sual bu avtomobillərin və insanların niyə eyni şəhərdə, eyni yollarda və eyni saatlarda cəmləşməsidir.

Oğuz