Həftəbecər - 5

Etiraf. Təsəvvür etmirdim ki, prezident bu qədər axmaq, yüngül, düşkün olarmış. Özü də, dünyanın ən qüdrətli dövlətində. Üstəlik, ikinci hakimiyyəti dövründə. Həm də kifayət qədər yaşlı adam. Bir az da milyarder...

Jun 10, 2025 - 12:00
Həftəbecər - 5

Dünya Donna Trampı dolayaraq ona yeni-yeni adlar verdiyi zaman, tiryək kimi Ağappaq evdən başqa heç yeri kəşf etməmiş “səyyah” coğrafi adları dəyişdirməklə məşğuldur. Meksika körfəzindən sonra növbə İran körfəzinə çatdı. ŞeyX əl-Daramp onu Ərəb körfəzi adlandırdı. Nadan soltan bu barədə xəbəri sürəkli alqışlarla qarşıladı. Anlamadı ki, işin (məsələnin) məğzi (mənası, əhəmiyyəti, ləzzəti) adda deyil, daddadır. Əgər könlünə bay-bay etmirsə (yatmırsa), öz ölkəndə (Marsda, Ayda...) hər hansı coğrafi subyektə istədiyin adı, hətta öz familiyanı da ver.

Məsələn, mən bu gündən Amerikanın ortasındakı ştatı Trampcıq adlandıracağam. Hindistana Mulmulkiya deyəcəyəm. ABŞ isə olsun ABŞey. Qorxudan səsləri də çıxmayacaq!

 * Yadıma düşdü. Moskvada bir teatr var. Adını bilmirəm. Bilsəm də demərəm. Çünki desəm yalançı çıxaram, əgər dünən adı dəyişdirilibsə.

Məsələ ondadır (bundadır, ordadır) ki, müəyyən məbləğdə pul ödəməklə, teatra istədiyin, hətta istəmədiyin adı verə (verdirə) bilərsən. Bir neçə il bundan əvvəl pulu ağlından çox olan adamlar həmin teatra Azərbaycan səhnəsinin ifritə qayınanası Nəsibə Zeynalovanın ad-familiyasını ver(dir)mişdilər. Nadan insanlar bunu – müvəqqəti hadisəni, ərəb şeyxlərinin onu – Trampın sözünü olduğu kimi alqışla qarşıladılar. Mən isə başa düşdüm ki, söhbət manekendən gedir. Çünki ölünün heç bir halda qıdığı gəlmir.

Buna bənzəyən digər fakt. Keçən ilin yayında məşhur müğənni Teylor Sviftin qastrol səfəri ilə əlaqədar Almaniyanın qərbindəki Qivizinkirhen şəhəri rəsmi surətdə Sviftkirhen adlandırılmışdı. Cəmi üç gün müddətinə: 17-19 iyulda.

Almanlar çox ciddi adamdırlar. İldə 363 gün.

 * Yazılmamış tarixçə. Xalq yazıçısı dedi ki, bir vaxt iştirakçısı olduğu konkret siyasi hadisənin yubileyi ilə əlaqədar memuar yazmaq, kitab nəşr etdirmək istəyir. Gözünü açdım:

 – Vaxt və güc sərf edib material toplayacaqsan. Yenə səy göstərib kitab yazacaqsan. Sonra pul verib, onu çap etdirəcəksən. Bir neçə dükanda satışa qoyduracaqsan. 10-15 nüsxəsi satılacaq – vəssalam. Qalan yüzlərlə nüsxəni arxa otaqda üst-üstə yığıb, gələn hər qonağına imzalı hədiyyə kimi verəcəksən. O isə aparıb iş yerində, evində rəfdə yerləşdirəcək. Kitab tozlanacaq, oxuyan olmayacaq. Yaxşısı budur, 2-3 müsahibə təşkil et, xatirəndəki ən dəyərli anları danış. Həm vaxtına qənaət et, həm də puluna.

Yazı partokratı elə də etdi. Qənaət etdi. Hətta “Məsləhətinə görə çox sağ ol!” sözlərinə də etdi qənaət – demədi.

 * Türkün düşməni. Stalinin azərbaycanlılardan xoşu gəlmirdi.

1944-cü ildə atam cəbhədə ağır yaralanmışdı. Müalicədən sonra ona 10 günlük məzuniyyət verildi. Bakıya, evə gəldi, təməlimi qoydu.

1945-ci ilin şaxtalı qış səhəri aləmi səsimlə agah etdim ki, dünyaya türk gəlib.

Cəmi iki ay sonra atam yenə yaralandı. Sən demə dərisinin altına qəlpə kolleksiyası yığırmış. Hospitaldan çıxanda Stalin atamı Berlinə buraxdı, Bakıya isə yox. Ümumiyyətlə, ordudan yalnız oktyabr ayında tərxis olundu. Stalin qorxurdu ki, atam evə qayıdanda, dünyada daha bir azərbaycanlı doğular...

 * Arın olsun! Eşşəyin quyruğu olduğu kimi, arısı da var.

Əyri güzgülər ölkəsində “Rusca-azərbaycanca” lüğətinin “düzəldilmiş” (?) nəşrində yazılıb ki, “шмель” və “шершень” eyni şeydir – eşşəkarısı. Bu, azmış kimi, “оса” sözünü də lüğətin "düzəldilmiş və tamamlanmış" (sanki pamidor kimi soyulmuş və doğranmış) dördüncü nəşrində eşşəkarısı adlandıraraq, bütün günahları zoologiyanın boynuna qoyublar.

“Оса” – zarqanadlılar fəsiləsinə aid olan sancan həşəratdır.

“Шершень” – həmin həşəratın iri növüdür.

“Шмель” – arılar ailəsinə mənsub qalın tüklü bədəni olan həşəratdır.

Təkcə bu məlumatı dəqiqləşdirməkdən ötrü 2 dildə 3 lüğət kitabı və 8 kitab səhifəsi açdım. Başqasına güvənmə. Özün kitab al, evdə saxla. Gərəyin olar.

 * Lobbi. Əslində, parlament üzvləri bütün məsələlərdə xalqın mənafeyini qorumalıdırlar. Lakin xalq üç hissəyə – seçicilərə, seçilənlərə və seçdirənlərə bölünür. Sonuncular – seçki kampaniyasını maliyyələşdirənlərdir. Təcrübədə, deputatlığa namizədin taleyini məhz onlar, kapital sahibləri həll edirlər. Sonra isə deputatı idarə edirlər – bu və digər məsələdə nə deməyə, necə səs verməyə yönəldirlər.

Lobbi korporativ maraqlara xidmət edir. Amerika Birləşmiş Ştatlarının konqresi üçün səciyyəvidir. Bir dəstə deputat neft maqnatlarının, digəri təyyarə istehsalçılarının, daha kimlərsə maliyyə “kral”larının sözünə (oxu: əlinə) baxır. Bununla heç cür razılaşmaq, barışmaq olmaz, lakin bu – belədir. Avtoritar ölkələrdə belə şey mümkün deyil. Məsələn, Koreya Xalq Demokratik Respublikasında bütün deputatlar və dövlət məmurları yalnız Kim Çen In cənablarına, tapşırıq gələrsə – onun bacısı xanımlarına da xidmət göstərir. Normal ölkədə 1 kişi və 1qadın olar!

Bəla həm də burasındadır ki, lobbi fəaliyyəti daha qanuniləşdirilib və qeyri-partiya fraksiyası kimi rəsmi qeydiyyata alınır.

Artıq neçə vaxtdır AB ştatlarında və Aİ ölkələrində parlament üzvləri onları seçdirən qüvvələrin milli-siyasi maraqlarından qayMaqlanırlar. Erməni lobbisi, yəhudi lobbisi, indi həm də rus lobbisi deyiləndə məhz bu, nəzərdə tutulur. Məsələn, Rusiyanın xüsusi xidmətlərinin xüsusi (oxu: cinsi) agenti Mariya Butina Amerikada qoca senatorlarla hər cür əlaqəyə girib, onları Rusiyanın siyasi maraqları qarşısında diz çökdürürdü. Diz üstündə durmaq – qədim siyasi pozadır. İfşa edildikdən sonra zavallı Maşenka həbs olundu. ABŞ prezidenti mərhəmət göstərərək onu azad etdi. Maşa, nəhayət, öz ayısına (yaxud dayısına) qovuşdu. Butina və Putin – biri qosdumada, o biri Kremldə.

Axırda qeyd edim ki, “lobbi” sözünə “Azərbaycan dilinin izahlı lüğəti”ndə, “Rusca-azərbaycanca lüğət”də, hətta S.Ojeqovun kifayət qədər nüfuzlu izahlı lüğətində rast gəlməzsən. Bu söz kuluarlar, səhnə arxası mənasını daşıyan ingiliscə “lobby”dən törəmədir. Lobbi ABŞey qanunverici orqanlarında inhisarçıların kontor və agentləri sistemidir. Konqresmen və senatorlara, həm də məmurlara təzyiq göstərir. Milli-siyasi lobbi isə ayrı-ayrı milli azlıqların maraqlarını güdməklə, bütövlükdə dövlətin milli mənafeyinə zidd hərəkət edir. Bəlkə də nə vaxtsa Fransada, Niderlandda, Belçikada bunu anlayacaqlar. Hələlik isə onların səviyyəsi aşağıdır. Çünki dizüstü siyasi poza tutublar...

A.ƏZİZ