Onlar həftəiçi ilk gediş üçün 1 qəpik ÖDƏYƏCƏK

Bu gündən etibarən “TəhsilPlus” kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər.

Nov 2, 2026 - 16:18
Onlar həftəiçi ilk gediş üçün 1 qəpik ÖDƏYƏCƏK

SAVASHMEDİA.az xəbər verir ki, təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq.

2-30 noyabr tarixlərini əhatə edən kampaniya Bakı metrosu və avtobuslarda keçərlidir. Kampaniya müddətində “TəhsilPlus” kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edən istifadəçilərin bazar ertəsindən cüməyədək ilk gedişi 1 qəpik təşkil edəcək.

Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur. Gün ərzində ikinci və sonrakı gedişlər standart tariflə hesablanır. Bununla belə, “TəhsilPlus” kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10% bonus tətbiq edilir.

Hazırda “TəhsilPlus” kartlarının ölkə üzrə təhsil işçilərinə təqdim edilməsi prosesi mərhələli şəkildə davam etdirilir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində çalışan əməkdaşların kartlarla təminatına başlanılıb. Artıq aktiv kart istifadəçilərinin sayı 185 mini ötüb.

Qeyd edək ki, “TəhsilPlus” kartı əməkhaqqı və debet kartı funksiyalarını özündə birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. Kart istifadəçiləri həmçinin ictimai nəqliyyatda və layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər sahələr üzrə endirim və bonuslardan yararlana bilirlər.