Qazaxıstan bu avtomobillərin idxalını QADAĞAN ETDİ – Azərbaycanda isə...
Qazaxıstanda şəxsi istifadə məqsədilə xaricdən gətirilən avtomobillərlə bağlı yeni qaydalar müəyyənləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ölkədə nəqliyyat vasitələrinin istismarına buraxılması şərtlərini dəyişib.
Yeni qaydalara əsasən, 2026-cı il dekabrın 30-dan etibarən vətəndaşlar şəxsi ehtiyacları üçün istehsal tarixindən beş ildən çox vaxt keçmiş, eləcə də ekoloji sinfi “Avro-5” standartından aşağı olan avtomobilləri ölkəyə gətirə bilməyəcəklər.
Normativ hüquqi aktların onlayn bazasında dərc olunan qərara əsasən, vətəndaşların şəxsi istifadə üçün idxal etdiyi avtomobillərin bazara buraxılması üçün iki şərt nəzərdə tutulub. Belə ki, nəqliyyat vasitəsi ən azı “Avro-5” ekoloji standartına uyğun olmalı və istehsal tarixindən beş ildən artıq müddət keçməməlidir.
Qərar ölkədə avtomobil istehsalının artması ilə izah olunur. Bu ilin ilk doqquz ayında Qazaxıstanda 136 548 avtomobil istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz çoxdur. Hazırda ölkədə 12 müəssisədə avtomobil yığımı həyata keçirilir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda 10 ildən köhnə avtomobillərin idxalına məhdudiyyət var və ölkəyə gətirilən maşınlar ən azı “Avro-4” standartına uyğun olmalıdır.