Vəzifəli şəxsləri gizli çəkilmiş videoları ilə şantaj edən şəxs HƏBS OLUNDU - DETALLAR
İki vəzifəli şəxslə apardığı söhbətləri videoya çəkən və sonradan həmin görüntüləri yayacağı ilə hədələyərək pul tələb edən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə qeyd olunub.
İlk hadisə Şirvan şəhərində baş verib. Təqsirləndirilən şəxs bir qurumun direktoruna kompüter kursu və sertifikat məsələsi ilə bağlı müraciət edib. Onların söhbəti mobil telefonla videoya çəkilib.
Daha sonra təqsirləndirilən şəxs Tbilisidə olarkən direktorla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb və videonu yayacağı ilə hədələyərək 5 min manat tələb edib. Direktor əvvəlcə bu məbləği ödəyə bilməyəcəyini bildirib və nəticədə 400 manat göndərib. Bundan sonra daha 600 manat tələb olunub.
İş üzrə ifadə verən direktor bildirib ki, polis videogörüntüyə baxıb və orada kompromat xarakterli məzmun olmadığını müəyyən edib. Buna baxmayaraq, o, görüntünün yayılmasının iş yerindəki reputasiyasına zərər vura biləcəyindən narahat olduğunu deyib.
İkinci hadisə isə Tovuzda baş verib. Bu dəfə təqsirləndirilən şəxs Meşələrin İnkişafı Xidmətinin direktor müavini - baş meşəbəyi ilə meşə ərazisində arıçılıq üçün torpaq sahəsi əldə edilməsi məsələsini müzakirə edib. Bu söhbət də gizli şəkildə videoya çəkilib.
Sonradan Tbilisidən həmin şəxslə əlaqə saxlayan təqsirləndirilən şəxs videonu yayacağı ilə hədələyərək 5 min manat tələb edib. Zərərçəkmiş şəxs 2 min manat göndərib. Daha sonra qalan 3 min manatın da verilməsi tələb olunub.
İş üzrə “WhatsApp” yazışmaları, videogörüntülər, bank çıxarışları və pul köçürmələri araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin kartına iki ayrı halda 400 və 2 min manat köçürülüb. Pullar daha sonra Tbilisidə bankomatlardan çıxarılıb.
Təqsirləndirilən şəxs sonradan Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Onun barəsində əvvəllər beynəlxalq axtarış elan olunub.
Məhkəmə şəxsi hədə-qorxu ilə tələb etmədə təqsirli bilib və 6 il müddətinə azadlıqdan məhrum edib. Zərərçəkmiş şəxslərlə barışıq və himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınıb.
Aytən