Acı həqiqətlər

Qoca qadın əllərində dolu zənbillərlə qalxmaq üçün avtobusun üstünə getdi. Sürücü qapını onun üzünə bağlayıb yola düşdü. 

May 1, 2025 - 12:57
Acı həqiqətlər

Qoca çarəsiz qalıb digər avtobusa doğru yeridi. Arxa qapının yanından ötdü, orta qapıya çatanda bu avtobus da yollandı. Dayanacaqda durmuş digər qoca bu səhnəni görüb dilləndi:

– Əgər ödəniş əvvəlki kimi nağd olsaydı, sürücü gözləyərdi.

– Sərnişini qəbul etmək sürücünün marağı, istəyi ilə şərtlənmir. Bu, xidmət qaydasının tələbidir, - deyə qadın nəfəsini dərməmiş yanıqlı səslə dedi.

** Mən liftin kabinəsinə daxil olanda, orada artıq cavan ailə durmuşdu. Arvad ərinə:

– Deməli, hər kəs tapança ala bilər?

– Qanuna əsasən – hə.

– Onda quldurlar da alarlar ki... Al da, qoy evdə tapançamız olsun. Lazım gələrsə müdafiə üçün.

Mən də qarışdım:

– İstər-istəməz söhbətinizin şahidiyəm. İcazə verin deyim. İnanmıram ki, evdə, küçədə hücuma məruz qalırsınız. Silah isə ilk növbədə məsuliyyətdir. Onun özünü hamıdan qorumaq lazımdır. O cümlədən yanınızdakı uşaqdan. Əlindən xata çıxsa, ömür boyu peşman olacaqsınız. O ki qaldı peşəkar canilərə, onlar lisenziyalı tapança gəzdirmirlər, silahı öz kanalları vasitəsilə əldə edirlər.

** Dostumun atası ömrü boyu müəllim olub. Yarım əsrə yaxın işlədikdən sonra pensiyaya çıxıb. Aldığı pul ərzağa, dərmanlara, kommunal xidmətlərə çata bilməz(!). Odur ki, dostum valideynini öz evində saxlayır, can yandırır, qulluğunda durur. İmkan daxilində bacısı da kömək əlini uzadır. O gün dostum, nəhayət, ürəyini mənə açdı:

– Əgər bu adamın övladları olmasaydı, biz qulluğunda durmasaydıq xəstə nə edəcək, nə yeyəcək, necə yaşayacaqdı?..

** Digər qarının 80-dən çox yaşı var. Təhsil görməyib, ərdə olmayıb, uşaq doğmayıb, işə getməyib. Taleyi belədir. Neçə ildir yaşa görə müavinət alır. Bir vaxt qulluq etdiyi qardaşı qızlarının himayəsindədir. Onlar da öz növbəsində cüzi pensiya alırlar. Xəstəliklər qarını qurudub, çürüdüb. Foto şəklinə baxanda, dostumun sözü yadıma düşdü. Baxa-baxa dilləndim: “Belə olardı, qardaşım. Atan da belə olardı...”.

** Sinfimizin şagirdi yalnız iki fənni oxuyurdu: cəbr, həndəsə. Ancaq onları “beş”ə layiq bilirdi. Xəritədə Avstraliyanı, divardakı portretlərin arasında Ələkbər Sabiri göstərə bilməzdi. Başqaları bütün fənlərdən “5”, “4”, halal “3” alırdılar. Həmin şagird isə “3”, “4”, haram “5” alırdı. Çünki atası universitetdə riyaziyyat müəllimi, kafedra müdiri işləyirdi. Oğlanı ali məktəbə də elə o “düzəltdi”.

** “Qarabağ” futbol klubu ölkəmizdə ən uğurlu nəticələr qazanıb. Lakin o, mənə həmin sinif yoldaşımı xatırladır. Bir az da “qurumuş” qarını. Əgər imkanlı sponsoru olmasaydı, xaricdən babat və ala-babat oyunçular gətirməsəydi, yuxarıdan hər cür dəstək almasaydı nəticələri necə olardı? Axı “Qarabağ” hətta ölkə çempionatında parlaq oyun nümayiş etdirmir. Azərbaycan futboluna isə beynəlxalq aləmdə nüfuz qazanmaq üçün 1 yox, bir neçə parlaq komanda lazımdır.

** Liftdə iki qız gedirdi. Şeytan məni yolumdan çıxardı – onları dindirdim. Ağızlarını açan kimi, kabinəni siqaret qoxulu nəfəs doldurdu. Ondansa sarımsaq yeyərdilər. Ya da ağızlarını həmişəlik yumardılar...

A.ƏZİZ