Amerikalı senator Rusiyanı dağıdıcı sanksiyalarla hədələdi 

“ABŞ Senatının 72 üzvü Rusiyaya qarşı yeni “dağıdıcı” sanksiyalara və Moskvaya yardım edən ölkələrə nəhəng tariflərin tətbiq edilməsinə səs verməyə hazırdır”.

May 1, 2025 - 12:54
Amerikalı senator Rusiyanı dağıdıcı sanksiyalarla hədələdi 

SAVASHMEDİA.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Trampın Senatdakı əsas müttəfiqlərindən biri olan respublikaçı Lindsi Qrem deyib. 

Onun sözlərinə görə, Kremlin rəhbəri Vladimir Putinin müharibəni dayandırmaq üçün ciddi danışıqlardan yayınmağa davam edəcəyi təqdirdə, senatorlar Rusiyanın enerji resurslarını və onun ixracının əsasını təşkil edən digər məhsullarını alan ölkələrə böyük rüsumlar haqqında qanun layihəsinə səs verə bilərlər. 

Lindsi əmindir ki, qanun layihəsi Nümayəndələr Palatasında da kifayət qədər dəstək alacaq. 

“Məqsəd prezidentə kömək etməkdir. Mən müharibənin danışıqlar yolu ilə düzgün və ədalətli sonlanmasını istəyirəm. Düşünürəm ki, Tramp bu məqsədə nail olmaq üçün ən yaxşı insandır. Amma bu sanksiyalar Senatın mövqeyini əks etdirir ki, ilk növbədə, biz Rusiyanın pis oğlan olduğunu düşünürük”, - deyə Qrem bildirib.

O, əlavə edib ki, “Putinin Trampı aldatmağa çalışması çox böyük səhv olardı” və məhz buna görə layihə ortaya çıxıb.

“Prezident Tramp dalana dirəndiyimiz qənaətinə gəldikdə, hərəkətə keçilməsini gözləyin”, - deyə Qrem vurğulayıb.

Senator hesab edir ki, məhz o zaman Putin ya müharibəyə son qoymaq üçün ciddi danışıqlar aparmaq və ya Rusiya iqtisadiyyatının “əzilmiş” olduğunu görmək arasında seçim etməli olacaq. 

“Bloomberg”in tanış olduğu layihəyə əsasən, Rusiyadan neft, neft məhsulları, qaz və ya uran alan ölkələrdən idxala 500% tariflərin müəyyən edilməsi təklif edilir. 

Digər sanksiyalar da ABŞ vətəndaşlarına Rusiyanın suveren borcunu almağı qadağan edəcək.

Xatirə SADİQ