Bu yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə müraciət edib.

Jan 24, 2026 - 11:43
Bu yollar buz bağlayacaq - Sürücülərə XƏBƏRDARLIQ

Qurumdan SAVASHMEDİA.az-a bildirilib ki, bir neçə gün davam edən əlverişsiz hava şəraiti nisbətən sabitləşsə də, son günlər yağan qarın yaratdığı fəsadlar hələ də qalmaqdadır.

“Xüsusilə dağlıq və dağətəyi rayonlarda, səhər və axşam saatlarında küləyə açıq ərazilərdə, enişli-yoxuşlu yollarda və körpülərdə buzlaşma ehtimalı yüksəkdir. Bu isə sürüşmə və yol-nəqliyyat hadisələri riskini artırır. Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, sürücülərə yollarda buzlaşma ehtimalını unutmamağı, texniki baxımdan yararsız və mövsümə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, səfərləri mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı tövsiyə edir”, - deyə müraciətdə bildirilib. 

Yol polisi sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxsləri də daha təhlükəsiz marşrutlara üstünlük verməyə çağırıb.