Əlvida, Kolxozstan! – 10
Yad Vətən müharibəsi zamanı Bakının neft mədənlərinin deyil, məhz rusların müdafiəsi üçün hərbi komandanlıq İvanovkaya tam komplektləşdirilən artilleriya rotası və piyadalar ayırmışdı.
Yerlilər əsgərlərlə yaxın əlaqə yaratdılar. Elə yaxın ki, bəziləri hətta qohum oldular. Almanlar kəndə gəlmədilər, bir çox rus əsgəri isə doğma vətənə qayıtmadı.
Onlar yerli qızlarla, dullarla evlənərək kənddə yaşamağa qaldılar. Rusiyanın bir çox əyaləti əvvəllər də aclıq çəkirdi, sonra isə müharibə oraları viran qoymuşdu. Azərbaycanın iqlimi, bərəkəti hərbçiləri cəlb etdi. Bu minvalla kəndin demoqrafiyası da dəyişdi, dini aurası da: gəlmələr molokan təriqətinə yad, pravoslav idilər.
Evin təmiri zamanı dostumun həyətində ayrı-ayrı vaxtlarda iki nəfər 20 yaşlı cavan işlədi. Onlar Azərbaycan ordusunda hərbi xidmət keçmişdilər. Biri rus idi, o biri azərbaycanlı deyildi. Qəribədir ki, ikisi də eyni fikri söylədi:
– Kəndli gənclər şəhərdəki yaşıdlarından ağıllıdırlar.
Lüğət: şəhər deyiləndə Bakı nəzərdə tutulurdu. Cavabım eyni oldu:
– Əlbəttə, buna görədir ki, bütün universitetlər, kitabxanalar kəndlərdə yerləşir və şəhərlilər təhsil, bilik dalınca kəndə gedirlər.
Lüğət: sən demə ağıllı dedikdə mişarlamaq, mıxlamaq, ot çalmaq bacarığı nəzərdə tutulub. Şübhəsiz, bu fikir evdəki yaşlıların başında yaranıb.
Tarlada, zəmidə, fermada, qarajda iş sübhdən başlanır. Bir qayda olaraq, əməkçilər nahar fasiləsinə günorta çıxırlar. İdarə və müəssisələrdə – kolxoz, poçt, Mədəniyyət Sarayı, xəstəxana – iş günü saat 8-də baslanır. Fasilə isə orada 13-dən 14-dək olmalıdır. Lakin hamı 12-də işini dayandırır.
Fərdi işdə, məsələn, kiminsə evində çalışan fəhlə işə 9-da, 10-da gəlirsə də, nahara 12-də yığışıb gedir. Yolu, istirahəti... Qayıdır saat 3-də.
Mərkəzi dairənin yanında şəxsi maşınlarda taksiçilik edənlər yığışırlar. Laqqırtı, şit zarafat... Müştəri, qazanc olmasa da, günorta evlərə, yeməyə dağılışırlar.
İndini bilmirəm, o vaxt maşın rayon mərkəzinə 5 manata aparırdı. Bu, iki başa yolun pulu idi. Sürücü heç nə itirmirdi. Qayıdarkən təsadüfi müştəri ortaya çıxsaydı, üstəlik qabağa düşərdi.
Bakıdan avtobusda İsmayıllıya gəlir, avtovağzalda maşın tutub kəndə qalxırdim. Bir gün iki nəfər ən yaşlı sürücüyə dedim:
– Rayon mərkəzinə çatana az qalmış maşında gedib məni 5 manata gətirərlərmi?
İkisi də bir-birinə baxıb üzünü turşutdu. Davam etdim:
– Axşamdır. Sürücü evdə oturub qəndlə çay içməyə hazırlaşır. Bu zaman telefon zəng çalır. Gedib məni gətirir. Evə qayıdanda dükana girir. Axşam çayı konfetlə içir. Bunun nəyi pisdir?
Pis təkcə odur ki, müsəlman canını işə vermək istəmir. Şüarı belədir: “Pul özü gəlsin, çox gəlsin, tez gəlsin!”. 0+5=0. Bu, həll edə bilmədiyim yeganə bərabərlikdir.
Böyük imkanı olanlar ev tikmək, təmir etdirmək üçün ustaları Bakıdan, başqa yerdən gətirirlər. Kiçik və cari təmir zamanı “usta”nı kənddən tapırsan. Əslində, belələrinin heç bir ustalığı yoxdur. İşi uşaqlıqdan atasının, əmisinin yanında durub baxa-baxa öyrəniblər. Sonradan edə-edə təcrübə və nisbi bacarıq əldə edirlər. Və olurlar şəhərlidən “ağıllı”... Hansı usta axtarsan – rus çıxır. Babat bacarsa da, keyfiyyətsiz görsə də işə qurşanır, çörək pulu qazanır. Açıq söhbət edərkən danışırlar ki, görülən işlərdən narazı qalıb pulunu ödəməyənlər də olur. Azərbaycanlı igid ustalığa yiyələnmək istəmir. Pul verib maşın və sürücülük vəsiqəsi alır, günortayadək heç nə qazanmasa da, gedib evdə bişirilənə şərik olur. Söhbət edərkən mütləq gileylənir... Kişidir axı!
Əvvəllər İvanovkadan Bakıya hər səhər 8-də kiçik avtobus yola düşürdü. İki avtobus günaşırı işləyirdi. Onların sürücüləri sərnişinlərə qətiyyən hörmət etmirdilər. Baqaj üçün yer yox, orta keçiddə əlavə oturacaqlar qoyulub. Adamlar bud-buda yapışıb 3 saat yol gedirdilər. Gediş haqqı 5 manat idi, amma sürücünün kefi istəyəndə İsmayıllı avtovağzalında sərnişinləri digər avtobusa yönəldir, özü 1 manat qoparırdı. Gediş 6 manata çıxırdı. Kolxoz rəhbərliyi isə ədaləti və xalqın rahatlığını heç düşünmürdü. Kovid dövründə belə basırığa görə marşrut donduruldu və donu daha açılmadı... İndi Bakıya gedənlər özlərini avtovağzala çatdırmalı, ya da evə özəl taksi çağırmalıdırlar.
Ənənəyə görə, toy məclisləri taxıl zəmisində məhsul yığımı başa çatanda keçirilir. Son vaxtlar əhali evin zirzəmisindən çox Mədəniyyət Sarayına üstünlük verir. Əlbəttə, imkanı çatırsa.
Toy və yas günlərində küçədə bir neçə qadını əlində oxlov gedən görmək olur. İlk dəfə rastlaşanda zarafat etdim: “Bu gün hansınızın əri döyüləcək?”. Gülüşdülər. Başa düsmədılər ki, səbəbi bilmirəm. Sonra eşitdim, onlar kollektiv surətdə çox sevilən əriştə yoğurub kəsirlər. Böyük məclis üçün.
Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)
A.ƏZİZ