Ermənistana keçən azərbaycanlı əsgər tövlədə gizlənibmiş - ŞAHİDLƏR DANIŞDI

Ermənistanın Şaki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevin kənd sakinləri ilə qarşılaşmasının yeni detalları açıqlanıb.

Oct 2, 2026 - 19:39
Oct 2, 2026 - 22:59
Ermənistana keçən azərbaycanlı əsgər tövlədə gizlənibmiş - ŞAHİDLƏR DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, hadisə zamanı yaralanan Ani Avetisyanın bacısı Arpi Avetisyan erməni mediasına baş verənləri danışıb.

Onun sözlərinə görə, hadisədən ilk olaraq Ani Avetisyanın məktəbdən qayıdan iki övladı xəbərdar olub. Uşaqlar evə gəldikdə qapının qıfılının sındırıldığını görüblər. Onlar əvvəlcə evə oğru girdiyini düşünüblər.

Arpi Avetisyanın sözlərinə görə, uşaqlar evə daxil olduqda mətbəxdə əşyaların dağıldığını, qonaq otağında isə silahlı şəxsin uzandığını görüblər. Uşaqlar anaya telefonla xəbər verməyə çalışsalar da, silahlı şəxs uşaqların əlindən telefonları alıb.

Bundan sonra Ani Avetisyan əri ilə birlikdə evə gedib. Bacısının danışdığına görə, darvaza bağlı olduğundan qadın qonşunun həyətindən keçərək divardan aşıb.

Uşaqlar anasına evdə silahlı şəxsin olduğunu deyiblər. Arpi Avetisyanın sözlərinə görə, Musayev silahı uşaqlara tərəf tuşlayıbmış. Ani isə uşaqlarını qorumaq üçün onların qarşısına keçib.

İddiaya görə, açılan atəş nəticəsində qadının sol əlində üç barmaq amputasiya olunub. Bundan sonra onun ayağından da güllə yarası aldığı bildirilir.

Arpi Avetisyanın sözlərinə görə, Musayev həmin vaxt silahını yenidən doldurmağa çalışıb. Ani isə bundan istifadə edərək bıçaqla ona müqavimət göstərib və zərbələr endirib. Daha sonra qadın huşunu itirib.

Hadisəyə Ani Avetisyanın oğlu da müdaxilə edib. Erməni mediasının yazdığına görə, uşaq anasını qorumağa çalışarkən xəsarət alıb və biləyində sınıq aşkarlanıb. 

Bundan sonra Musayev hadisə yerindən qaçıb. Ermənistan Baş Prokurorluğunun rəsmi məlumatına görə, o, Şakinin 6-cı küçəsindəki 26 nömrəli evin ərazisində aşkarlanıb.

Sputnik Armenia isə Musayevin qaçdıqdan sonra tövlədə gizləndiyini və hüquq-mühafizə orqanları əməkdaşlarının onu orada tapdığını yazıb. Onun daha sonra saxlanıldığı bildirilib.

Oğuz