Evdən Evə – Sevinc payı

Kassada cavan oğlan işləyirdi. Gülərüz? Yox. Təbəssüm onun sifətinə sanki həkk olunmuşdu.

Mar 18, 2025 - 12:37
Evdən Evə – Sevinc payı

Dükanda isə Milad bayramı ilə əlaqədar daim müvafiq musiqi, xarici mahnılar səslənirdi. Həmin gün növbə yox idi və mən imkandan istifadə etdim.

– Yəqin bilirsən bu mahnılar nəyə həsr olunub, - deyə söhbətə qədəm qoydum.

Oğlan, təbii ki gülə-gülə, cavab verdi:

 – Yeni ilə.

 – Yox. İsanı tanıyırsan? Xaçpərəstlər iddia edirlər ki, ərli qadın Məryəm yatmışkən tanrı ona təcavüz edib, nəticədə İsa doğulub.

Təbəssüm, yalnız təbəssüm. Anlamaq olmurdu zarafatıma gülür, həqiqətə, yoxsa tanrının hərəkətinə.

Xalqlar da indiyədək anlamırlar ki, niyə bəzi bayramlarda uşaqlar, hətta böyüklər də qapılara düşüb nə isə istəyir, dilənir, tələb edirlər. Azərbaycanlıdan, rusdan, amerikalıdan soruşsan, deyəcək ki, adətdir. Buna qalsa, yatmaq, yemək, küçəyə çıxanda bayır paltarı geyinmək, evlənmək – hər şey adət halını alıb. Bəs məhz bu adət haradan gəlir?

Adət çox qədimdir. Amma hələ 1–2 əsr bundan qabaq da hər kəs öz işini, peşəsini övladına öyrədirdi. Əkinçi, dülgər, xarrat, dəmirçi, kərpickəsən, dükançı... Hamının balası onun işinin davamçısına çevrilirdi. Bu da bir adət idi. Lakin həyatda başqa “adət”lər də var: zəlzələ, daşqın, yanğın, uçqun, müflislik, ölüm... Faciə nəticəsində ev dağıla, dükan müflisləşə, emalatxana yana bilərdi. Nəhayət, valideynin vaxtsız ölümü səbəbindən uşaq peşəyə yiyələnməmiş yetim qalırdı. Bunu nəzərə alaraq, hər valideyn öz balasına əlavə daha bir peşəni öyrədir, onu dilənməyə göndərirdi.

Qapıya gedirsən ya küçədə durursan, papaq, torba ya sellofan paket atırsan – heç bir fərq yoxdur: sən – dilənirsən. Sonra məhz belə sırtıq uşaqlar, gənclər toy faytonlarının, maşınların qarşısını kəsib reketirlik edirlər. Bu dəfə məsələ konfetlə, “qaqqı” ilə bitmir. Pul, özü də böyük əskinas istəyirlər.

İyrənc adətdir. Müasir dövrdə, dilənməyə ehtiyac olmadığı ölkədə belə adət həm istəyəni, həm verəni, həm də verməkdən imtina edəni alçaldır.

İnan ki, qapımın heç bir günahı yoxdur. Amma onu bütün bayramlarda döyürlər: Novruz, Qurban, Ramazan. Maraqlıdır, heç kim heç nə gətirmir. Hamı yalnız aparmaq, qoparmaq istəyir. Orucluq başa çatanda kəlmeyi-şəhadəti bilməyənlər, heç vaxt oruc tutmayanlar qapıya gəlib trampsayağı təklif edirlər ki, ürəyimdə niyyət tutub ona pul verim, o isə tanrıdan arzumun yerinə yetirilməsini istəyəcək. Belə yüksək səviyyədə münasibətin varsa, bu cür yaxın tanışsınızsa, sənin sözünə baxandırsa, de ki, səni varlandırsın və daha qapılara düşməyəsən.

Nəzirin digər cəhəti də var. Amma Ayın görünməyən tərəfinə dönüb. İndiyədək heç kəs gəlib deməyib ki, niyyət tutdum, yerinə yetdi, indi nəzir paylayıram – 10 qapının hərəsinə 10 manat.

Mən də gəzib pul paylamıram. Əvvəla, nəzir demirəm. İşimi optimal qururam. İkincisi, real olmayan məsələ nəzirlə düzəlsəydi, istəyərdim ki, 100 metr məsafəyə qaçışda Olimpiya çempionu olum.

Həm də, axı kimə 5–10 manat verim? Ailə var ki, yeraltı qarajımızda 3 avtomobil saxlayır. Qonşuluqdakı 5 mərtəbəli binaların balkonları isə hərəsi 5 metr qabağa gəlib. Bloklardan zibil daşıyan proletar müxtəlif üsullarla ayda min manatdan artıq pul qazanır.

Mən də bayram etməyi xoşlayıram. Novruzu öz doğum günümdən çox sevirəm. Çünki həmin gün dünyaya bir insan gəlib, baharda isə bütün dünya təzələnir, canlanır. Hədiyyəni almaqdansa, vermək şirindir. Öz doğum günündə əziz adamlarına hədiyyə verən də mən olmuşam. İstəyirəm ki, hamı sevinsin, şadlansın və bu gün onlar üçün də yaddaqalan olsun.

Novruzda isə övladını qapılara dilənməyə göndərmə. Əlinə milli şirniyyat ver ki, Evdən Evə bayram payı aparsın, qonşuları sevindirsin. Elə bu Novruzdan başla!

A.ƏZİZ