İsraillə HƏMAS arasında atəşkəs pozuldu
Təxminən iki ay sonra İsrail və HƏMAS arasında atəşkəs bu səhər tezdən pozulub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Qəzza zolağına onlarla zərbə endirib.
Netanyahunun ofisindən bildirib ki, zərbələri çərşənbə axşamı gecə yarısından qısa müddət sonra bərpa etmək qərarı HƏMAS-ın girovlarıı azad etməkdən dəfələrlə imtina etməsindən və hərəkatın ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və vasitəçilərdən aldığı bütün təklifləri rədd etməsindən sonra verilib.
Təsdiqlənməmiş məlumatlara görə, zərbələr nəticəsində 232 nəfər həlak olub.
HƏMAS ayın əvvəlində ikinci mərhələyə keçməli olan razılaşmanın ilkin şərtlərinə əməl etməkdə israrlıdır. Bu mərhələyə İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılması və qalan girovların azad edilməsi müqabilində müharibənin daimi dayandırılmasına dair razılaşma daxil idi.
“Reuters” xəbər verib ki, İsrail Qəzza zolağına hücumları ilə bağlı ABŞ-la məsləhətləşib.
“İsraillilər Qəzza zolağına hücumları ilə bağlı Tramp administrasiyası və Ağ Evlə məsləhətləşiblər”, - deyə Ağ Evin sözçüsü Kerolayn Livitt bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp demişdi ki, HƏMAS bütün israilli girovları qaytarmalıdır, əks halda əsl cəhənnəm başlayacaq.
Xatirə SADİQ