İran Xəzərin 50 faizini tələb edir? - Keçmiş səfir detalları açıqladı

Xəzər dənizində İranın payının 50 faiz olması ilə bağlı uzun müddətdir səsləndirilən iddiaya bu dəfə Tehranın özündən cavab gəlib.

Aug 14, 2026 - 12:43
İran Xəzərin 50 faizini tələb edir? - Keçmiş səfir detalları açıqladı

SAVASHMEDIA.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakain Xəzərin 50 faizinin İrana məxsus olması barədə iddianı təkzib edib. 

O bildirib ki, bunu təsdiqləyən heç bir tarixi müqavilə və ya hüquqi sənəd yoxdur.

Onun sözlərinə görə, hətta SSRİ dövründə də İranın Xəzərdə 50 faizlik payından söhbət getməyib. Pakain qeyd edib ki, həmin dövrdə SSRİ-nin Xəzər sahilləri İranın sahillərindən təxminən yeddi dəfə uzun olub.

Keçmiş səfir xüsusilə Astara-Hüseynqulu xəttinə istinad edilməsinin də hüquqi və real əsasının olmadığını vurğulayıb. Xəzərin hüquqi statusu haqqında Konvensiyada SSRİ dövründə nəzərdə tutulan xətlərin hüquqi qüvvəsinin olmadığı qeyd edilib.

Bildirək ki, hazırda əsas mübahisələr Xəzərin dibinin və su hövzəsinin bölüşdürülməsi, eləcə də başlanğıc xəttinin müəyyənləşdirilməsi ilə bağlıdır. 2018-ci il Konvensiyası sahilyanı ölkələrin Xəzərdə konkret faiz payını müəyyən etmir. Dənizin dibi və yeraltı sərvətlərin bölüşdürülməsi isə ayrıca razılaşmalarla tənzimlənir.

Maraqlıdır ki, İran hökuməti hazırda həmin Konvensiyanın parlamentdə ratifikasiyası məsələsini gündəmə gətirib. İranın xarici işlər naziri Abbas Əraqçi də sənədin parlament tərəfindən təsdiqlənməsinin ölkənin maraqlarına uyğun olduğunu bildirib.

Pakain hesab edir ki, Konvensiyanın ratifikasiyası İranın Xəzərdən hüquqi baxımdan daha geniş istifadə imkanlarını artırar. O, xüsusilə İranın hazırda digər dənizlərdə ciddi beynəlxalq təzyiqlərlə üzləşdiyini və Xəzərin Tehran üçün tranzit və iqtisadi baxımdan əhəmiyyətinin artdığını vurğulayıb.

Beləliklə, Xəzərin 50 faizinin İrana məxsus olması barədə iddianın heç bir hüquqi əsasa söykənmədiyi bu dəfə İranın öz diplomatı tərəfindən səsləndirilib.

Oğuz