Kazaklar - Tarix dərsi
Yəqin bilirsən ki, Putin Ukrayna cəbhəsinə cinayətkarları da göndərir. Rusiya parlamenti bütün mərhələləri adlayaraq, caniləri – oğru, qatil və zorbazları məsuliyyətdən azad edib döyüşə yollayır.
Bir neçə dəfə qadın zorladığına görə mühakimə olunmuş “igid”ə Putin Kremldə Rusiya qəhrəmanının qızıl ulduzunu təntənəli şəraitdə şəxsən təqdim edib.
Şübhəm yoxdur ki, onu da bilirsən: 1941 – 1945-ci illər müharibəsi zamanı cərimə batalyonları mövcud idi. Cinayətkarlar onların tərkibində ön cəbhəyə, alman gülləsi altına zorla göndərilirdilər. Zorla, çünki arxadan xüsusi hərbçilər gəlir və geriyə dönmək, qaçmaq, gizlənmək istəyənləri güllələyirdilər. Sovet İttifaqı qəhrəmanı Aleksandr Matrosov – çarəsizlikdən düşmən pulemyotunu öz bədəni ilə örtdü. Çünki arxadan digər Sovet İttifaqı qəhrəmanı Ziya Bünyadov kimi daldanvuran igidlərin cəza dəstəsi atəş açırdı.
Çox yəqin ki, bu da sənə məlumdur: cinayətkarları silahlandırıb düşmənin üzərinə yönəltmək daha qədim rus hərbi ənənəsidir. Nə etməli, həmişə olduğu kimi, yenə də bildiyini sənə danışacağam...
7-8 əsr bundan əvvəl Rusiyada tarixi ənənəyə görə qarışıq, hətta bulaşıq ictimai-siyasi mühit hökm sürürdü. Ağır sosial vəziyyət, haqsızlıq insanları cinayətlərə sövq edirdi. Dövlət artan cinayətkarlıqla səmərəli mübarizə aparmağı bacarmırdı. Qul şəraitində yaşayan kəndlilər ağanın malikanəsini yandıraraq ilk növbədə cənuba qaçırdılar. Onların silahı əksər hallarda yaba olurdu.
Qiyamçılara ölkəni boş-boş gəzən sərgərdanlar, avaralar da qoşulurdular. Onların sıraları oğruların, quldurların, özgə arvadını qaçıranların, zorbazların, orduda 25 illik rekrut xidmətindən yayınan fərarilərin, müflisləşmiş zadəganların, borcunu qaytara bilməyənlərin, hər hansı ağır xidmətdən və ya cəzadan baş götürüb qaçanların hesabına daim artırdı. Bu insanlar şəhər və kəndlərə müntəzəm hücum çəkir, paltar, ərzaq, içki, əyləncə üçün qadın qarət edirdilər.
Cəmiyyətdə artan narazılığın qarşısını almaq üçün çar hakimiyyəti quldurların üzərinə qoşun hissələri göndərirdi. Cinayətkarlar öz növbəsində təqibdən qaçaraq, dövlətin sərhədlərinə doğru yeriyirdilər. Sərhəd isə müasir anlamdan çox uzaq idi. Son oba, əsgər postu sərhəd hesab olunurdu. Cinayət, məsuliyyətdən qaçmaq, yeni cinayət, yenə qaçmaq... Kazak hərəkatı bu minvalla əmələ gəldi.
Zəhmətsevər qaçaqlar imkan tapan kimi əkir, becərir, özlərini dolandırmaq istəyirdilər. Bu zaman onlar həm rus əsgərlərinin, həm soyğunçuların, həm də köçəri tayfaların hücumuna məruz qalırdılar. Bu alovların arasında tələf olmamaq üçün kazaklar mümkün qədər silahlanırdılar. Gündüz tarlada işləyir, axşam keşik çəkirdilər.
Rusiya tarixinin mahiyyətcə cinayətkar zümrəsi olan kazak hərəkatı belə yarandı.
A.ƏZİZ