Pentaqonun bu qərarı Dövlət Departamenti üçün gözlənilməz olub 

Pentaqonun bəzi silah tədarükünü Ukraynaya dayandırmaq qərarı hətta ABŞ-də adətən bu cür məsələlərdən yaxşı məlumatlı olanlar, o cümlədən Konqres üzvləri və Dövlət Departamentinin rəsmiləri üçün gözlənilməz olub.

Jul 3, 2025 - 11:31
Pentaqonun bu qərarı Dövlət Departamenti üçün gözlənilməz olub 

SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrin məlumatına görə, tədarüklərin dayandırılması barədə qərar Pentaqonun siyasi departamentinin rəhbəri Elbric Kolbi və kiçik müşavir çevrəsi tərəfindən qəbul edilib. Bu qərar onunla izah edilib ki, ABŞ-da müəyyən silah növləri ehtiyatlarının tükənməsi narahatlıq doğurur. 

Lakin bu addım hətta prezident Donald Trampın müttəfiqlərini məyus edib. Onlar  Kolbi kimi məmurları ittiham ediblər ki, həmin qüvvələe administrasiyanın qalan hissəsini məlumatlandırmadan bu qərarı irəli sürüblər. 

“Düşünürəm ki, bütün bunları Müdafiə Nazirliyinin siyasəti məsələləri üzrə direktor, bu Kolbi edib. Bizim faktiki olaraq milli təhlükəsizlik məsələləri üzrə müşavirimiz yoxdur. Mən hətta əmin deyiləm ki, (dövlət katibi Marko) Rubio ilə bu barədə məsləhətləşiblər. Ağ Evdə daxili fikir ayrılıqları var”, - deyə konqresmen Maykl Makkol bildirib. 

Mayk Uoltsun işdən çıxarılmasından sonra Marko Rubio müvəqqəti olaraq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsini icra edir.

ABŞ məmurlarından biri deyib ki, Pentaqonun qərarı razılaşdırılmayıb və Dövlət Departamenti üçün gözlənilməz olub. 

Digər iki amerikalı məmur bildirib ki, Pentaqon liderləri Polşa ərazisində olan çox  mühüm silah partiyasını geri qaytarmaqdan öncə Dövlət Departamenti, ABŞ-nin Kiyevdəki səfirliyi və ya Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun komandası ilə məsləhətləşməyib.

Birləşmiş Qərargahın bəzi nümayəndələri də tədarükün dayandırılmasına qarşı çıxıblar. Bunu, həm yüksək səviyyəli məmurlar, rəsmilər, həm də müzakirələrlə tanış olan şəxs etiraf edib.

Nəşr onu da qeyd edib ki, həm Ağ Ev, həm də Dövlət Departamenti döyüş sursatı tədarükünün dayandırılmasının administrasiya nümayəndələrini qəfil yaxaladığı fikrini təkzib ediblər. 

Xatırladaq ki, Amerika KİV-i iyulun 1-2-də xəbər verdilər ki, ABŞ-nin silah ehtiyatlarının çox az olması ilə bağlı narahatlığa görə Pentaqon bəzi hava hücumundan müdafiə raketləri və digər yüksək dəqiqlikli döyüş sursatlarının Ukraynaya tədarükünü dayandırıb.

“The Wall Street Journal” bildirib ki, Donald Tramp administrasiyasının Ukraynaya bəzi hərbi yardımı dayandırmaq qərarı artıq Polşa ərazisindəki anbarlarda yerləşdirilmiş silahlarla bağlıdır.

Xatirə SADİQ