Lixtenşteyn Azərbaycanın ən kiçik rayonundan da kiçikdir - Bu gün də uduzsaq...
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteyn yığması ilə qarşılaşacaq.
SAVASHMEDİA.az xəbər verir ki, oyun Bakıda keçiriləcək.
Azərbaycan millisi qrupda Litva ilə heç-heçə edib. Lixtenşteyn isə əvvəlki görüşdə Litvaya 0:2 hesabı ilə məğlub olub.
Maraqlıdır ki, Azərbaycanın ərazi baxımından ən kiçik rayonu olan Sədərək belə Lixtenşteyndən böyükdür. Sədərəyin sahəsi 220,8, Lixtenşteynin ərazisi isə cəmi 160 kvadrat kilometrdir. Yəni Sədərək Lixtenşteyndən təxminən 1,4 dəfə böyükdür.
Lixtenşteyn millisinin diqqətçəkən xüsusiyyətlərindən biri də heyətdə peşəkar futbolçuların azlığıdır.
Məsələn, yığmanın təcrübəli qapıçısı Benjamin Büchelin əsas peşəsi elektromontyordur. Millinin digər üzvü Andrin Netzer satıcı kimi çalışır. Niklas Beck, Severin Schlegel və Ferhat Saglam isə tələbədir.
Bununla belə, Lixtenşteyn millisindəki bütün futbolçuların həvəskar olduğunu demək düzgün olmaz. Heyətdə xarici ölkələrdə peşəkar klublarda çıxış edən oyunçular da var. Məsələn, Marcel Büchel İtaliyanın ASD Unipomezia Virtus klubunda forma geyinir.
Lixtenşteyn millisinin Azərbaycanla bağlı maraqlı futbol tarixçəsi də var.
Milli komandanın tarixində ilk qələbə məhz Azərbaycan üzərində qazanılıb. 14 oktyabr 1998-ci ildə Vaduzda keçirilən dünya çempionatının seçmə mərhələsi oyununda Lixtenşteyn Azərbaycanı 2:1 hesabı ilə məğlub edib. Qalib komandanın qollarını Mario Frik və Martin Telzer vurub.
Lixtenşteyn Futbol Federasiyası həmin qarşılaşmanı milli komandanın tarixindəki ilk qələbə kimi qeyd edir.
Beləliklə, 28 il əvvəl Azərbaycan üzərində tarixində ilk qələbəsini qazanan Lixtenşteyn bu gün Bakıda millimizlə yenidən üz-üzə gələcək.
Üstəlik, ərazisi Azərbaycanın ən kiçik rayonundan belə daha kiçik olan ölkənin millisi ilə qarşılaşırıq. Görəsən, bu dəfə nəticə necə olacaq?
Gözləyək...
Səlcuq