“Nəsə baş verəcək, amma Putinlə Zelenski hələ hazır deyil” - Tramp

ABŞ prezidenti Donald Tramp hələ də Kiyev və Moskvaya sülh razılaşmasına nail olmaqda kömək etmək istədiyini bildirib.

Sep 4, 2025 - 12:41
“Nəsə baş verəcək, amma Putinlə Zelenski hələ hazır deyil” - Tramp

SAVASHMEDİA.az xəbər verir ki, Tramp bu barədə CBS News telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ilə Kreml lideri Vladimir Putin arasında şəxsi danışıqların perspektivləri ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, yenə də “nəsə baş verəcək”.

“Düşünürəm ki, biz hər şeyi yoluna qoyacağıq. Düzünü desəm, Rusiya probleminin həll etdiyim problemlərdən ən asanı olacağını fikirləşirdim. Amma görünür, digərlərindən bir az daha çətin oldu”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, hazırda Zelenski və Putinin necə davrandığını diqqətlə izləyir: “Mən bunu müşahidə edirəm, görürəm, prezident Putin və prezident Zelenski ilə bunu müzakirə edirəm. Nə isə olacaq, amma onlar hələ hazır deyillər. Lakin nəsə olacaq. Biz bunu həyata keçirəcəyik”.

O, əlavə edib ki, qanlı döyüşlərə və Rusiyanın mülki şəxslərə zərbələrinə baxmayaraq, sülh razılaşmasını əldə etməyə davam edəcək.

Tramp izah edib ki, bir çox diplomatik danışıqlara yanaşması liderləri bir otaqda toplamaqdan, onları real vaxtda, çox vaxt onun göstərişi ilə saziş bağlamağa məcbur etməkdən və bu baş verənə qədər heç bir fürsəti qaçırmamaqdan ibarətdir. O, bu yanaşmanın səbr tələb etdiyini vurğulayıb.

“Bəzən vəziyyətin həllini gözləməli olurmu” sualına Tramp belə cavab verib: “Amma, bunu etmək lazımdır. Xoşbəxtlikdən, bizim çox yaxşı günlərimiz olub və mən onların hamısını bir otağa yığan kimi, ya da heç olmasa, onların bir-biri ilə danışmasını təmin edən kimi, onlar, güman ki, çözümü tapırlar. Biz milyonlarla insanın həyatını xilas etmişik”.

Xatirə SADİQ