Ramiz Mehdiyevin baldızı oğludur? - Tutulan köməkçinin DOSYESİ  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirov həbs edilib. 

Nov 3, 2025 - 12:44
Ramiz Mehdiyevin baldızı oğludur? - Tutulan köməkçinin DOSYESİ  

Səbail rayon Məhkəməsininin qərarı ilə Eldar Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur.

Bəs Eldar Əmirov kimdir?

1985-ci ildə Ağdamda anadan olan Eldar Əmirov uzun illər Azərbaycan Dillər Universitetində baş elmi işçi vəzifəsində çalışıb. 

Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri işlədiyi vaxtlarda Eldar Əmirov onun “sağ əli” kimi tanınıb və bir çox qaranlıq işlərdə sabiq PA rəhbərinin göstərişlərini yerinə yetirib. 

2019-cu ildə isə Ramiz Mehdiyev tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Prezidenti katibliyinin rəisi vəzifəsinə gətirilən Eldar Əmirov “AMEA-nın de-fakto rəhbəri” kimi tanınıb.

E.Əmirovun kadr siyasətinə və institutdaxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi iddia edilir.

SAVASHMEDİA.az xatırladır ki, Eldar Əmirovun sabiq PA rəhbəri Ramiz Mehdiyevin qohumu olması ilə bağlı da iddialar yayılıb. Həmin iddialarda Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğlu kimi təqdim edilir. 

Qeyd edək ki, ölkə mediasında geniş yayılmış bu iddia 2022-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (Həmin vaxt AMEA-nın rəhbəri Ramiz Mehdiyev idi - red) tərəfindən rəsmən təkzib edilib.

Oğuz