“Rusiya və Çin də orada olmalıdır” - Lavrovun iştahı artıb
“Qərbdən Ukrayna üçün kollektiv təhlükəsizlik təminatlarının etibarlı olmasını və qonşuları üçün təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında inkişaf etdirilməsini istəyirik”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov iddia edib.
“Həm Böyük Britaniya, həm Fransa, həm də Almaniyanın kollektiv və ortaq təhlükəsizlik təminatları yaratmaq və hazırlamaq istəməsi ilə bağlı xəbərlərə gəlincə, biz bu təminatların həqiqətən etibarlı olmasının tərəfdarıyıq”, - deyə rusiyalı nazir vurğulayıb.
Lavrov xatırladıb ki, 2022-ci ildə İstanbulda Ukrayna üçün təhlükəsizlik təminatı prinsipləri haqqında məsələ qaldırılıb. Onların arasında Kiyevin NATO və digər hərbi bloklara qoşulmaqdan imtina etməsi, Ukraynanın neytral statusu olub.
Onun sözlərinə görə, guya o zaman Ukrayna özü BMT Təhlükəsizlik Şurasının üzvlərinin, yəni Rusiyanın, eləcə də Çin, ABŞ, Fransa, Britaniyanın iştirakı, Almaniyanın, Türkiyənin və digər maraqlı dövlətlərin cəlb olunması ilə təhlükəsizlik təminatı ideyasını təklif edib. Moskva isə bu təklifi dəstəkləyib.
“Həmin kontekstdə Ukraynanın təklifi birmənalı şəkildə göstərirdi ki, bu təminatlar bərabər olacaq. Ukraynanın qonşuları da daxil olmaqla, bütün maraqlı tərəflərin təhlükəsizliyi bərabərhüquqlu, bərabər, bölünməz əsaslarla təmin ediləcək”, - deyə Lavrov iddia edib.
Rusiya XİN başçısı güman edir ki, “Moskvanın iştirakı olmadan hər hansı məsələni müzakirə etmək yersizdir”.
Ukraynalı jurnalistlər Lavrovun bu açıqlamasına istehza ilə yanaşıb: “Lavrov istəyir ki, Ukraynaya təhlükəsizlik təminatını Rusiya ilə Çin təmin etsin”.
Xatirə SADİQ