Top menecer Rusiyaya işləyirmiş? – Avstriyada qalmaqal
Avstriyanın OMV neft-qaz şirkəti Rusiyaya məxfi məlumatları ötürməkdə şübhəli bilinən top menecerlərindən biri ilə müqaviləni ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avstriyanın “Profil” nəşri yazıb.
Nəşrin məlumatına görə, Avstriya Dövlət Təhlükəsizlik və Kəşfiyyat Xidməti (DSN) bir neçə ay ərzində top meneceri izləyib. Şirkət əməkdaşı Vyanada mütəmadi olaraq Rusiya səfirliyinin diplomatı ilə görüşüb. Qərb kəşfiyyat orqanları hesab edirlər ki, həmin diplomat Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentidir.
Məhkəmə orqanları OMV-nin top menecerinin evində axtarış aparılmasına icazə verib. Axtarış zamanı çoxsaylı məxfi və daxili sənədlər aşkar edilib.
Hazırda top menecer azadlıqdadır, hərçənd fakt üzrə cinayət işi açılıb.
OMV-dən bildirilib ki, “səlahiyyətli orqanlarla tam əməkdaşlıq edirlər”. Şirkət “məlumatların qorunması səbəbi ilə” əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Məhkəmə orqanları isə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) məktub göndərərək, bu işdə adı hallandırılan Rusiya səfirliyinin əməkdaşının diplomatik toxunulmazlığının götürülməsini xahiş edib. Diplomatın toxunulmazlığı götürülməsə, o, Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq persona non qrata elan ediləcək və bundan sonra ondan ölkəni tərk etmək tələb olunacaq.
“Profil” diqqətə çatdırıb ki, işdən çıxarılan top-menecer OMV-də yüksək etimada malik olub. O, OMV-nin əsas səhmdarlarından və irimiqyaslı layihələrdə tərəfdaşlarından biri olan Abu Dabi Milli Neft Şirkətinə (ADNOC) ezam olunub. Söhbət özəlliklə “Borealis” və “Borouge” neft-kimya törəmə şirkətlərinin dünyanın ən böyük plastik istehsalçılarından birinə birləşməsi üzrə sövdələşmədən gedir. Bu prosesin 2026-cı ildə başa çatdırılması gözlənilir.
OMV qismən dövlət şirkətidir və Mərkəzi Avropa enerji bazarının ən böyük oyunçularından biridir. Baş ofisi Vyanada yerləşən şirkətdə 20.000-dən çox işçi çalışır. OMV Avstriyanın yeganə neft emalı zavodu olan “Şvexat”ı idarə edir. Bu müəssisə Avropanın ən böyük zavodlarından biri hesab olunur. Ukrayna müharibəsinədək OMV şirkəti Rusiyanın “Qazprom” şirkətinin əsas tərəfdaşı idi.
Bu iş kontekstində Avstriyada Rusiyaya işləmək şübhəsi ilə bağlı daha bir məhkəmə prosesi davam edir. Avqust ayında ORF xəbər vermişdi ki, Konstitusiyanın Mühafizəsi və Terrorla Mübarizə üzrə Federal İdarəsinin (BVT) keçmiş əməkdaşı Egisto Ott andlılar heyəti qarşısına çıxarılacaq. O, Rusiyaya casusluqda, dövlət sirlərini açıqlamaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunyr.
Xatirə SADİQ