Ukrayna rəsmiləri Trampa od püskürdü - “Yalançı məxluq…”
Ukraynanın Dnepr və Nokilayev şəhərlərinin merləri ölkə prezidenti Volodimir Zelenskinin müdafiəsinə qalxıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.
Dnepr şəhərinin meri Boris Filatov bildirib ki, Zelenskinin ünvanına təkcə Rusiya Federasiyasının deyil, ABŞ-nin də tənqidi qəbuledilməzdir.
“Zelenski bizim xoşumuza da gələ bilər, gəlməyə də bilər. Biz onu danlaya, ya da tərifləyə bilərik. Onun hərəkətlərini pisləyə bilərik, ya da alqışlaya bilərik. Çünki o, bizim prezidentimizdir. Olduğu kimidir. Onun pis olub-olmamasının fərqi yoxdur. Nə Moskvada, nə Vaşinqtonda, nə də heç yanda heç bir yalançı məxluqun ona söz deməyə haqqı yoxdur” – deyə Filatov “telegram”da yazıb.
Nikolayev meri Oleksandr Senkeviç isə “telegram”da yazıb ki, prezident seçkilərinə yalnız Ukrayna qanunvericiliyi və xalqı qərar verir.
“Prezident seçimi yalnız Ukrayna xalqı üçündür və Ukrayna qanunvericiliyinə uyğundur. Və yalnız Qələbədən sonra. Bizim hər zaman seçimimiz olub. Bu seçim bizimdir... Bizim fərqli baxışlarımız ola bilər, amma başa düşməliyik ki, ölkəmizi bizdən başqa heç kim qorumayacaq. Birlik vaxtıdır. Bir-birimizə dəstək olaq və Qələbə naminə çalışaq”, - deyə Senkeviç vurğulayıb.
Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarının reytinqinin aşağı olduğunu iddia edərək onun barəsində xoşagəlməz ifadələrə yer verib və Ukraynada prezident seçkilərinin keçirilməsinin vacibliyinə diqqəti çəkib.
Xatirə SADİQ