Volodimir Zelenski Ceyhun Bayramovu qəbul etdi - VİDEO
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna lideri bu barədə özü paylaşım edib.
V.Zelenski çətin günlərdə Ukraynaya səfər etdiyi üçün C. Bayramova, ölkəsinə verdiyi dəstəyə görə isə Azərbaycana təşəkkür edib:
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir genişmiqyaslı Rusiya işğalı başlayandan bəri ilk dəfədir ki, Ukraynaya səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi İrpen şəhərindəki məktəb, xəstəxana və reabilitasiya mərkəzinə baş çəkməklə başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə gəlməyə və bizi dəstəkləməyə imkan tapdıqları üçün çox minnətdarıq. Xalqımızla həmrəyliyə görə təşəkkür edirəm. Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram”.
Görüş zamanı V. Zelenski Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Moskvanın taxıl dəhlizlərini bloklaması barədə C. Bayramovu məlumatlandırıb.
Görüşdə tərəflər həmçinin yüksəksəviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində qarşılıqlı iqtisadi fəaliyyəti müzakirə ediblər.
Ceyhun Bayramov isə Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.
Nazir qeyd edib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.
C.Bayramov Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.
Banu