ABŞ vitse-prezidentinin Kolizey sevdası İtaliyada qalmaqal doğurdu
İtaliyadakı “Ətraf Mühitin Mühafizəsi Assosiasiyalarının Koordinasiyası və İstifadəçilərin və İstehlakçıların Hüquqları” (Codacons) qeyri-kommersiya təşkilatı ABŞ vitse-prezidenti Cey Di Vensə görə Kolizeyin turistlərin üzünə bağlanması ilə əlaqədar Roma prokurorluğuna şikayət etməyi planlaşdırır.
SAVASHMEDİA.az bu barədə ANSA-ya istinadən xəbər verir.
Təşkilat İtaliyanın ən məşhur görməli yerlərindən birinin vaxtından əvvəl bağlanması ilə bağlı vəziyyətə aydınlıq gətirilməsini tələb edib.
“Bu, şübhəsiz ki, bilet alan çoxsaylı turistlərə və Kolizeyə girmək üçün növbəyə duranlara münasibətdə ciddi hörmətsizlikdir”, - deyə “Codacons”un rəhbəri Karlo Renzi vurğulayıb.
Onun sözlərinə görə, təşkilat bu hadisənin “istifadəçilərin zərərinə ictimai xidmətin mümkün dayandırılması” kimi cinayət tərkibinin də olub-olmadığını öyrənmək istəyir: “Bu səbəbdən çərşənbə axşamı biz bu işin araşdırılmasına başlanılması və məsuliyyət dərəcəsinin qiymətləndirilməsi xahişi ilə məhkəmə orqanlarına şikayət ərizəsi ilə müraciət edəcəyik”.
Vens və ailəsinin gəlişinə görə təhlükəsizlik səbəbi ilə Kolizey bazar günü ziyarətçilərin üzünə bağlanıb. Lakin bu turistik məkanı yalnız ABŞ vitse-prezidentinin həyat yoldaşı Uşa ziyarət edib. Vitse-prezident Taverna villasında qalıb.
Kolizeyin bağlanması tarixi abidəni ziyarət edə bilməyənlər arasında məyusluq doğurub və etirazlara səbəb olub.
Xatirə SADİQ