“Alabala”dan “gəzə bilmirəm”ə - Abid Şərifovun DOSYESİ + VİDEO

Abid Şərifov səhhətində yaranan problemlə əlaqədar evdən çıxa bilmədiyini deyib.

Sep 29, 2026 - 23:55
“Alabala”dan “gəzə bilmirəm”ə - Abid Şərifovun DOSYESİ + VİDEO

SAVASHMEDİA.az xatırladır ki, uzun illər Azərbaycan hakimiyyətində yüksək vəzifələr tutan 86 yaşlı Abid Şərifovun personasına maraq həmişə böyük olub.

Elə bu marağı nəzərə alaraq onun həyat və fəaliyyətindən maraqlı məqamları təqdim edirik.

Şəkidə anadan olub, inşaat mühəndisidir

Abid Qoca oğlu Şərifov 6 yanvar 1940-cı ildə Şəkidə anadan olub. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbdə təhsilə başlayıb və 1957-ci ildə həmin məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun İnşaat fakültəsinə daxil olub. 1962-ci ildə institutu “inşaat mühəndisi” ixtisası üzrə bitirib.

Tikintidən hökumətə gedən yol

Şərifov əmək fəaliyyətinə 1962-ci ildə Bakı Baş Tikinti İdarəsində başlayıb. Müxtəlif illərdə tikinti ustası, iş icraçısı, böyük iş icraçısı, şöbə rəisi və digər vəzifələrdə çalışıb. 1972-ci ildən 23 saylı tikinti idarəsinə rəhbərlik edib.

Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində, “Azərnəqliyyattikinti” və “Azərnəqliyyatyoltikinti” strukturlarında rəhbər vəzifələr tutub. 1991-ci ildə Türkiyədə Çerkezköy–Kapıkule dəmir yolu xəttinin elektrikləşdirilməsi üzrə tikinti idarəsində rəhbər müavini kimi çalışıb.

23 il baş nazirin müavini olub

Şərifov 20 iyul 1995-ci ildə baş nazirin müavini təyin edilib və 21 aprel 2018-ci ilədək bu vəzifədə çalışıb. Beləliklə, o, hökumətdə eyni yüksək postda təxminən 23 il fəaliyyət göstərib.

2015-ci ilin mayında Bakının Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında baş verən yanğından sonra yaradılan Dövlət Komissiyasına da Abid Şərifov rəhbərlik edib.

“Alabala” ifadəsi ilə yadda qalıb

Yanğından sonra jurnalistlər Şərifovdan binanın taleyi və bərpa işlərini hansı şirkətin həyata keçirəcəyi barədə soruşublar.

Jurnalistin “Hansı şirkət olacaq?” sualına Şərifov “Nə dəxli var sənə?!... Alabala” cavabını verib. Bu ifadə həmin vaxt mediada geniş müzakirə olunub və onun ən çox xatırlanan açıqlamalarından birinə çevrilib.

Abid Şərifov 2018-ci ildə hökumətin yeni tərkibi formalaşdırılarkən baş nazirin müavini vəzifəsindən azad edilib. Həmin vaxt onun 78 yaşı tamam olmuşdu.

Oğuz