Aramızda qalsın

Çox uzağa getməyək. Azərbaycanlının son 100 ildəki tarixi yaddaşını nəzərdən keçirək.

Jul 21, 2025 - 13:42
Aramızda qalsın

Bu düşüncə yaşayış yerindən, şəraitdən, ailədən asılı olaraq tamamilə müxtəlifdir. Buraya milli azlıq amilini də daxil etsək, palazın rəng çalarları artar. Niyə məhz palazın? Çünki son əsrdə biz yuxarı başdakı divardan asılan və göz oxşayan xalça deyil, yerə sərilmiş palaz olmuşuq. Yüz il və bir az da qabaq rus gəldi, sonra neft çıxdı, ardınca fars, erməni, ləzgi axışdı.

Pambığımızı aparıb barıt hazırladılar, özümüzə güllə atdılar.

Meyvəmizi, qozumuzu yeyib coşdular, üstümüzə düşdülər.

Nefti daşıyıb nataşa gətirdilər.

Elə düşünürsən ki, bütün bunlar qanmaz millətçi cavanın acıqlı fantaziyasıdır? Qanan qocandan soruş. O, təsdiqləyər. Deyər, Mingəçevirdə su-elektrik stansiyasının tikintisinə qatar-qatar sarısaç, sarıqulaq gətirmişdilər. Onları görəndə kişilərimizin qara gözləri bərəldi. Belə “şey”ləri, özü də bu miqdarda bizimkilər yalnız əsgərlikdə, çox vaxt kazarmanın pəncərəsindən görmüşdülər.

Salyan dəmiryol stansiyasında 1970-ci ildə böyük elevator – dəyirman tikdilər. Cənuba demoqrafik bomba atıldı. Rus “qız”larını yük vaqonlarında (!) gətirdilər. Qalan – qaldı, qalmayan özü ilə qarnında “yük” apardı. Axı 20 ildən sonra 20 Yanvarda atalarına güllə atan əsgər oğullar lazım olacaqdı...

Fakt çoxdur. Onları yerlərdə daha yaxşı bilməlidirlər. Amma qocalarımızda tarixi yaddaş pozulub, tarixi huşsuzluq, demensiya yaranıb. Neçə-neçə qocadan 1950 –   1960-cı illərin kənd, kolxoz həyatından soruşmuşam. Onlar bilmirlər ki, kəndliyə pasport verilmirdi. O vaxt hakimiyyət qorxurdu ki, kəndli cavan şəhərə gedər, unitaz görər və bir daha sambo həyatına qayıtmaz.

Axı qocalarımız niyə tarixi yaddaşa, olmuşlara biganədirlər?! Əlbəttə, stalinizm vahiməsi öz rolunu oynayıb. Elə oynayıb ki, qocalar Stalinə, onun özünə yox, quru adına, xatirəsinə hələ də rəğbətlə, itaətkarlıqla, yanaşırlar. Doğrudur, Stalini sağ görənlərin, onunla bir dövrdə yaşayanların sayı ilbəil kəskin şəkildə azalır, lakin onlar itaətkar üzüyolalığı ilə sonrakı nəsillərə sanki vaksini olmayan viRUS buraxıb gedirlər.

O gün tanış qəzet redaktorunun yanına getmişdim. Dəhlizdə mənə daha cavan oğlan yaxınlaşdı. Şirin-şirin (məhz belə!) soruşdu kiməm, kimi istəyirəm, kimi gözləyirəm. Dedi ki, jurnalistdir, qonşu redaksiyada işləyir. Rusdilli idi. Niyəsə söhbət Soljenitsın haqqında düşdü. Mən “QULAQ arxipelaqı”nı xatırlayanda, oğlan əlini qulağına aparıb rusca soruşdu: “Ухо?”.

Azərbaycan jurnalistikası çox cılızlaşıb. Həm nəzəri, həm praktiki cəhətdən. Televiziya kanallarında saatlarla əhli-kef məclisi quran zaurları, amilləri, axşamları, banuları, qədəmi naxoş olanları çoxdandır ki, aparıcı deyil, tamada adlandırmaq düzgündür.

Bu yerdə iki xəbər var. Biri yaxşı deyil, o biri isə daha pisdir.

Əvvəla, televiziya verilişlərinə cavanlar yox, əsasən yaşlılar və qocalar tamaşa edirlər. İkincisi, gənclər smartfon əsirinə çevriliblər. Onlar dünyaya blogerlərin gözü ilə baxırlar. Gözlərinin adı da var. Müasir gəncin iki gözündən biri Tik, digəri Tokdur.

Belə cavan heç də pis uşaq deyil. Birisinə xəbər verəndə ki, Azərbaycan Qarabağı qaytarıb – sevindi, gözünü telefondan çəkmədən höccələdi: “Ma-la-des!”.

Yeni vətənpərvər nəsil budurmu? Deməli, onun kimi ambisiyalı siyasətçiləri, mənimtək fanatik vətənpərvərləri və əmrə tabe xüsusi təyinatlı hərbçiləri çıxsaq, qalacaq damara qulluq edənlər, “təkər” (ya “çarx”?) sevənlər, cırıq şalvarlılar, dərin dekoltelilər, şişman dodaqlılar, silikon əndamlılar, ağıldan əskiklər, düşünməyə əlillər... Budurmu newMillət!?! Onun tarixi yaddaşı necə olacaq! O heç nənəsinin, babasının sifətini yadda saxlaya bilməyəcək. Çünki gözünü telefondan ayırıb onlara neçə ildir baxmır.

İndi isə deyilənlərdən bir cüt yumoru ayır, nə qalsa – saxla yadında. Olsun tarixi yaddaşın. Amma öz aramızda qalsın...

A.ƏZİZ