Azərbaycan XİN Nyu-York merinin təxribatına cavab verdi - Nə demişdi?
Azərbaycan Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Kvame Məmdaninin səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Qurumun mətbuat katibi Ayxan Hacızadə ictimai xadimləri məsuliyyətli olmağa çağıraraq, dezinformasiyanın yayılmasının yolverilməz olduğunu vurğulayıb.
SAVASHMEDİA.az xəbər verir ki, diplomat mövqeyini “X” sosial şəbəkəsində paylaşıb.
O bildirib ki, ictimai nüfuza malik şəxslər siyasi motivli və tarixi baxımdan əsassız açıqlamalarla cəmiyyətdə parçalanma yaratmaq əvəzinə, barışığa töhfə verməlidirlər. Hacızadə merin səsləndirdiyi fikirləri təxribat xarakterli adlandıraraq, bu yanaşmanı qəti şəkildə rədd etdiklərini qeyd edib.
XİN rəsmisinin sözlərinə görə, bu tip bəyanatlar regionun tarixi reallıqlarının düzgün anlaşılmadığını göstərir və faktların siyasi maraqlara uyğun şəkildə təhrif olunmasına xidmət edir. O vurğulayıb ki, Azərbaycan 2020-ci ildə beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində, beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq fəaliyyət göstərib.
Ayxan Hacızadə əlavə edib ki, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri uzun illər davam edən qanunsuz işğaldan sonra ölkədə konstitusiya quruluşunun bərpası ilə nəticələnib. Onun sözlərinə görə, “qovulma” iddiaları reallığı əks etdirmir – erməni sakinlərə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub.
Diplomat həmçinin diqqətə çatdırıb ki, bəzi xarici rəsmilərin işğal dövründə azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, kütləvi qətllər, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzdən gəlməsi ciddi narahatlıq doğurur. O, bu cür birtərəfli və məsuliyyətsiz açıqlamaların qəbuledilməz olduğunu bildirərək, həmin bəyanatların dərhal geri götürülməli olduğunu qeyd edib.
Oğuz