Balakişi Qasımov İTV-dən AzTV-yə gətirilir? - Məmmədov üçün sonun başlanğıcı
Məlum olduğu kimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddəti may ayında başa çatır.
SAVASHMEDİA.az-ın xəbərinə görə, İTV-nin Yayım Şurasının gələn ayın ortalarında keçirilməsi nəzərdə tutulan toplantısında növbəti direktorun kimliyinə aydınlıq gələcəyi gözlənilir.
Milli Məclisin sabiq deputatı Etibar Əliyev isə İTV-nin hazırkı direktoru Balakişi Qasımovun AzTV-yə rəhbər təyin olunması perspektivindən bəhs edib:
Fotoda: Sabiq deputat Etibar Əliyev
"Balakişi Qasımov İTV-də bəzi islahatlar aparmağa nail oldu. Milli Məclisin iclaslarının birində İTV-nin Yayım şurasının işini yüngülvari tənqid etdik və bəzi tövsiyələr verdik. Hörmətli Balakişi müəllim İTV-də bizə dərhal qadağa qoydu. Bu televiziyada verilişlərə dəvət məsələsində dostbazlıq, qohumbazlıq, məhəllə uşağı, sinif yoldaşı, rusdilli "kiryuxa"lıq rol oynayıb. Və mən bu işdə Balakişi müəllimi qətiyyən qınamıram. Belə işlər bizim mentalitetimizin "ornamenti"dir. Belə işlərlə akademiklər, rektorlar, Agentlik, Nazirlik, Komitə rəhbərləri və s. şəxslər açıq-aşkar məşğul olursa onda Balakişiyə nə gəlib? Məsələn, Balakişi Qasımov Əmrullayev Emin qədər də deyil? Ancaq yenə də təkrar edirəm, Balakişi Qasımov nisbətən islahatçı və nisbətən demokratik düşüncəli adamdır".
Keçmiş deputat daha sonra fikirlərini belə davam etdirib: "Balakişi Qasımov AzTV-yə rəhbər təyin olunarsa, bu televiziyada da müəyyən islahatlar apara bilər. Düşüncəmə görə yalnız o, Rövşən Məmmədovun dostbazlıq, yerlibazlıq, qohumbazlıq, səriştəsizlik mərəzinə yoluxdurmuş Dövlət televiziyasını xilas edə bilər".
Məlumat üçün bildirək ki, Balakişi Qasımov 11 may 2018-ci ildən İTV-yə rəbərlik edir.
Oğuz