Səhv köçürmə etdiniz? – Pulunuzu geri almağın yolları
Bəzən bir rəqəmin səhv yazılması kifayət edir ki, pulunuz başqa birinin hesabına getsin. Bu cür hallar düşündüyünüzdən daha çox baş verir və insanlar üçün ciddi problem yaradır.
Belə vəziyyətdə ən çox verilən sual isə budur: göndərilən vəsaiti geri qaytarmaq mümkündürmü?
SAVASHMEDİA.az-ın xəbərinə görə, məsələ qanunvericilikdə də öz əksini tapıb.
Belə ki, Mülki Məcəlləyə görə, hər hansı hüquqi əsas olmadan əldə edilən vəsait “əsassız varlanma” hesab olunur və geri qaytarılmalıdır.
Praktik olaraq isə ilk addım bankınıza müraciət etməkdir. Siz məlumat verdikdən sonra bank pulun göndərildiyi hesabın hansı maliyyə qurumuna məxsus olduğunu müəyyənləşdirir və qarşı tərəfə rəsmi bildiriş göndərir. Daha sonra həmin bank öz müştərisinə xəbərdarlıq edir ki, onun hesabına yanlışlıqla vəsait daxil olub.
Əgər vəsaiti alan şəxs bunu könüllü şəkildə geri qaytararsa, problem elə oradaca həll olunur. Amma qarşı tərəf pulu qaytarmaqdan imtina edərsə, bu zaman məsələ hüquqi müstəviyə keçir. Siz bankdan rəsmi cavab aldıqdan sonra məhkəməyə müraciət edərək vəsaitin geri tələb olunmasını istəyə bilərsiniz.
Səlcuq