Əlvida, Kolxozstan! – 9
Hər hansı kəndi insanlar salır, kənddə insanlar yaşayırlar.
Lakin mövcud deyimlərin əksinə olaraq, molokanlar hazırkı təpəyə ilk dəfə qalxarkən, burada artıq yaşayış evləri, mal-qara, əkin yeri, su ehtiyatları və aralıda müsəlman qəbirləri görmüşdülər. Sonradan rusların sayı kəskin surətdə artdı, evlər tikildi, küçələr salındı. Əvvəlki maldar sakinlərin taleyi məlum deyil – köçüb getdilər, yoxsa çoxluğa qarışdılar. Amma kənd genişləndi, qəbir daşları tezliklə götürüldü. Yəqin indi mərkəzi dairə yaxınlığında maşınlar insan sümüklərinin üstündən keçir.
İvanovkada 2 mərkəz var. Biri magistral yolun əsas dairəsi yanında, Kalinin və Sentralnaya küçələrinin kəsişməsində və ətrafındadır. O biri mərkəz isə, əlbəttə, kolxozun idarə heyəti binasını, yaxınlıqdakı istirahət parkını, Mədəniyyət Sarayını əhatə edir. Kolxoz binası qarşısında əvvəllər, tap görüm, kimin heykəli ucalırdı. Əhsən! Əlbəttə Leninin. SSRİ dağıldıqdan sonra Qəbələdə, ləzgilərin yaşadıqları dağ kəndində onun abidəsi hələ uzun müddət qalırdı. Böyük Qafqaz dağ silsiləsinin o biri tərəfində Lenin adına kolxoz da var idi. Harada? Bu dəfə tapdın – Qusarda.
Ləzgilərin ruslara məhəbbəti yanlış leninizmlə, ermənilərə məhəbbəti real terrorizmlə ifadə olunmuşdu. Bakı metrosundakı partlayışda neçə-neçə insan ömrünə və sağlamlığına son qoyuldu. Rusiya isə ləzgilərə “Sadval” təşkilatını hədiyyə etdi. Ləzgi dükançı ilə bu mövzuda söhbət edərkən soruşdum:
– Necə bilirsən, Azərbaycanda ya Rusiyada daha çox ləzgi yaşayır?
– Yəqin ki, Rusiyada.
– Elə isə, niyə ləzgilər muxtariyyəti oradan istəmir, buynuzu Azərbaycan çomağına sürtürlər?..
Çox keçmədən həmin sözləri Rafiq yanımda başqa ləzgiyə başa salırdı. Sevirəm maarifləndirməni!
Uşaqların məktəbə getmələri, hər yerdə olduğu kimi, İvanovkada da 2 tamaşadır. Gedəndə ciddi, intizamlı, səliqəli, evə qayıdanda isə bunun tam əksi. Üstəlik, yolda ağaca çıxır, özgənin meyvəsini dərir, öz paltarını bulayır, budaqları sındırırlar.
Kənddəki yeni məktəb binası. Oraya bir məqsədlə getdim – rus dilindəki kitablarımı hədiyyə etmək. Direktor müavini təşəbbüsümə şübhə ilə yanaşdı. Doğrusu, rəflərdə əl dəyilməmiş, çapdan sanki təzəcə çıxmış gözəl (zahirən) kitabları gördükdə məndə də müəyyən şübhə oyandı: bunlar kitab oxuyurlarmı? Kitabxana fondu ilə tanış olmaq həvəsim də pedaqoq xanıma qəribə gəldi. Soruşdum:
– “Yüzlərlə kitabı daşımaq üçün maşın, köməkçi ayıra bilərsinizmi?”. Dedi ki, “net”. Ruslar demişkən, “na net i suda net”. Loru dildə “minnətiniz olsun!”. Onu da bildirdi ki, kitab qoymağa yer də “net”dir. Elə çıxdı, sponsor balaca məktəb tikib...
Məktəbin uşaqlara verdiyi bilik barədə məlumatım yoxdur. Amma həmin uşaqların böyüklərinin biliyi aşkardır. O da təsadüfi deyil ki, Rusiyanın Azərbaycandakı səfirliyi hər il müraciət əsasında ölkənin ali məktəblərinə o vaxt 25, əvvəllər daha çox yer ayırırdı. İmtahansız qəbul, ali təhsil. Əlbəttə, Moskva və Peterburqda yox, uzaq və kiçik şəhərlərdə. O gedən kəs daha qayıtmır. Axı əlinə diplom təhsil bitən an verilmir. Təyinat, iş, ailədən sərbəstlik. Ardınca daha yaxşı maddi və yaşayış şəraiti. Bu müddətdə evlənir, həyatı dəyişir. Bundan başqa, Rusiya vətəndaşlığını asanlıqla, tərəddüdsüz qəbul edirlər. Onlar heç vaxt özlərini Azərbaycanın bir parçası, Azərbaycanı isə özlərinə doğma saymayıblar.
Həm də, sənə yeni məsəl deyim: “Unitaz görən rus şamboya bir daha qayıtmaz”.
Dostum atamı qonaq çağırdı. Atam isə xasiyyəti və peşəsi ilə əlaqədar yerlilərlə tez münasibət yaratdı. 70 yaşlı İvan – mərhum sədr Nikitinin yaxın qohumu və sürücüsü – kinli qəlbini açdı. Dedi ki, indi hər şey yadlaşıb. Atam soruşdu:
– Yəqin SSRİ dağıldıqdan sonra bu hiss güclənib.
– Elədir.
– Özünüzü ikinci növ insan, vətəndaş kimi duyursunuz?
– Bəli.
– Siz cəmi bir neçə ildir, xarici ölkədə beləsiniz. Mən nə edim ki, doğulduğum andan öz vətənimdə ikinci növ idim?!
Bəs başlıqda işarə edilən kolxoz mövzusu? Deməli,
(Ardı var)
A.ƏZİZ