“Günahkarlar cəzalandırılacaq” – Əhməd əl-Şaraa söz verdi

Suriyanın müvəqqəti başçısı Əhməd əl-Şaraa devrilmiş prezident Bəşər Əsədin tərəfdarları ilə ölkənin yeni hakimiyyət orqanları arasında şiddətli toqquşmalara görə günahkar olanları tapacağına söz verib.

Mar 10, 2025 - 15:38
“Günahkarlar cəzalandırılacaq” – Əhməd əl-Şaraa söz verdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Milli televiziyada və sosial mediada yayımlanan çıxışında Suriya lideri adını çəkmədiyi xarici dövlətləri və Əsəd tərəfdarlarını iğtişaşları qızışdırmağa çalışmaqda ittiham edib. O, bildirib ki, səlahiyyətlərini aşan hər kəsi məsuliyyətə cəlb edəcək.

Əhməd əl-Şaraa diqqətə çatdırıb ki, həssas məqamda suriyalılar yeni təhlükə ilə üz-üzədir. Çünki əvvəlki rejimin qalıqları və onların xarici havadarları yeni iğtişaşlar törətməklə ölkəni vətəndaş müharibəsinə sürükləmək, onu parçalamaq, birliyi və sabitliyi pozmaq cəhdləri nümayiş etdirirlər. 

Suriyanın müvəqqəti prezidentinin ofisi hər iki tərəfin törətdiyi qarşıdurmaları və qətlləri araşdırmaq üçün müstəqil komitə yaratdığını bildirib. 

Xatırladaq ki, ötən cümə axşamı təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında silahlı toqquşma baş verib. Əksəriyyəti mülki şəxslər olmaqla 1000-dən çox insanın ölümünə səbəb olan toqquşmalar davam edir. 

Xatirə SADİQ