Heydər Əliyev Ramiz Mehdiyevi niyə danlamışdı? - "Sənin Rafiqlə nə işin var?"
"Ramiz Mehdiyev hirslə dedi ki, niyə məndən Heydər Əliyevə şikayət etmisən”.
Uzun illər Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov yenisabah-a müsahibəsində həm peşə yolundan, həm də ölkə tarixinin pərdəarxası məqamlarından danışıb.
SAVASHMEDİA.az müsahibənin bir hissəsini təqdim edir.
- 1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib.
Telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, “sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın”. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Getdim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul etdi.
Dedi, sən niyə gedib məndən prezidentə şikayət etmisən? Şikayətin varsa, özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz, sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olması idi. Nə etsən də, kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu.