İmamoğlu həbsxanadan Ərdoğana cavab verdi - "Məni hədələyirsən?" + VİDEO
Həbsdə olan Əkrəm İmamoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən gün səsləndirdiyi “Prezident olma həvəsi ilə daha neçə CHP-li siyasət girdabında tələf olub gedəcək?” fikrinə reaksiya verib.
SAVASHMEDİA.az xəbər verir ki, Əkrəm İmamoğlu Ərdoğanın onu hədələdiyini iddia edib:
“Ölkənin prezidenti olduğunu unudaraq bir prezidentliyə namizədi tələf etməklə təhdid etmisən. Nəhayət, niyyətini bəlli etmisən. Ancaq bununla təkcə məni yox, milyonlarla seçicini, milləti hədələyirsən. “Tələf oldunuz”, “tələf olacaqsınız” sözləri Türkiyə siyasət tarixinin ən dəhşətli etiraflarından biridir. Cənab Ərdoğan rəqiblərini sıradan çıxarmaq üçün hər yolu sınadığını və sınayacağını etiraf edib. Seçkiləri ləğv etməklə, milli iradəni yox saymaqla, əmrindəki məhkəmə sistemi ilə rəqibini həbsə atmaqla, diplomunu ləğv etməklə, ailə üzvlərini həbsə atmaqla bizi dayandıra bilməyəcəyini görən adamdan soruşun: Başqa hansı üsulları var? Daha nə edəcək? Heybəsindən çıxarmadığı daha nələr var?
Tələf olan Türkiyə iqtisadiyyatıdır, işdir,aşdır, çörəkdir, tələf olan demokratiyadır, hüquqdur. Tələf olan milyonlarla pensiyaçının, işçinin, əkinçinin, məmurun, gəncin həyatıdır. Tələf olan hər müsibətə rəğmən Ərdoğanı müdafiə etmiş AKP-li seçicinin ümidləridir. Allahın izni, millətin dəstəyi ilə nə tələf olacağıq, ə də kiminsə tələf olmasına icazə verəcəyik. Biz ölkəni bu pis düşüncədən xilas edib, düzgün yola çıxaracağıq”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin toplantısında müxalifəti qınayıb və onları ölkə üçün edilən xidmətləri görməməkdə təqsirləndirib:
“CHP-nin başındakı şəxs (Özgür Özel-red) dedi-qodu ilə siyasət yürüdür. Öz partiyasındakı rüşvətçiləri, oğruları arsızları demokratiya qəhrəmanı elan edib bizə meydan oxuyur. İnsan öncə güzgüyə baxar.
O biri də (Əkrəm İmamoğlu –red) bu acınacaqlı halı ilə prezidentliyə namizədlik dalınca düşüb. Nəticə ortadadır. Prezident olmaq istəyirdi, amma şübhəli şəkildə tarixə düşdü. İndi heç yanına gedən də yoxdur. Bunun nəfəsi 2028-ci ilə yetəcəkmi? Görəcəyik. Prezident olma həvəsi ilə daha neçə CHP-li siyasət girdabında tələf olub gedəcək? Guya şəffaf olacaqdılar, mənfəətçi olduqları ortaya çıxdı. Getdikcə batan siyasi rəqibimiz CHP-dən şikayətimiz yoxdur. Sadəcə CHP-yə ümid bağlamış insanlarımıza görə məyus oluruq. Qarşımızda demokratik ölkəyə yaraşan müxalifət olmadığı üçün sözümüzü birbaşa millətimizə deyirik. Rüşvətin, oğurluğun, arsızlığın partiyası, şəxsiyyəti olmaz...”
Banu