Kiyevin Trampa cavabı gecikmədi - “Ukraynalıların 57%-i Zelenskiyə etibar edir” 

“Ukraynalıların 57%-i ölkə prezidenti Volodimir Zelenskiyə etibar edir, 37%-i isə ona inanmır”.

Feb 19, 2025 - 14:15
Kiyevin Trampa cavabı gecikmədi - “Ukraynalıların 57%-i Zelenskiyə etibar edir” 

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutundan (KİİS) bildirilib.

Məlum olub ki, KIIS sorğunu bu il fevralın 4-dən 9-dək keçirib və bu sorğu ABŞ prezidenti Donald Trampın guya vətəndaşların yalnız 4%-nin Zelenskiyə etibar etdiyi iddiasından sonra açıqlanıb.

“Fevralın birinci yarısına olan məlumata görə, ukraynalıların 57%-i prezident Zelenskiyə güvənir, 37%-i etibar etmir, etimad-etimadsızlıq nisbəti +20% təşkil edir”, - deyə sosioloqlar bildiriblər. 

KIIS qeyd edib ki, 2024-cü ilin dekabrında keçirilən sorğu ilə fevral sorğusu arasında prezidentə inam göstəriciləri bir qədər yaxşılaşıb. O zaman Zelenskiyə 52% etibar edir, 39% ona etibar etmirdi və etimad-etimadsızlıq balansı +13% təşkil edirdi.

Qeyd olunub ki, Ukraynanın bütün regionlarında vəziyyət kifayət qədər oxşardır və etimad-etimadsızlıq balansı müsbətdir.

KIIS izah edib ki, bu sorğunun nəticələrini sülh danışıqları, prezidentin “legitimliyi” və seçkilərin keçirilməsi zərurəti ilə bağlı müzakirələr fonunda dərc edib.

“Əgər ayrı-ayrı beynəlxalq tərəfdaşlar və müttəfiqlər mümkün sülh danışıqları kontekstində prezidentin legitimliyindən narahatdırlarsa və seçkilərdə israr etməyi məqsədəuyğun hesab edirlərsə, Ukrayna vətəndaşlarının nöqteyi-nəzərindən bununla bağlı heç bir problem yoxdur. Hazırkı prezident və hökumət çətin danışıqları aparmaq üçün tamamilə legitimdir. Seçkilər isə müharibə bitəndən ən azı Ukrayna etibarlı təhlükəsizlik zəmanəti aldıqdan sonra olmalıdır”, - deyə KIIS-in icraçı direktorunun müavini Anton Qruşetski bildirib.

Xatirə SADİQ