““Kontakt Home” saxta məhsul satıb, məsuliyyəti alıcının üstünə atır” - FOTOLAR
““Kontakt Home”dan naqilsiz tozsoran aldım, çox keçmədən cihaz enerji yığmamağa başladı”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu sözügedən mağazalar şəbəkəsindən məhsul alan müştəri Sübhan Məmmədov bildirib.
Şikayətçi qeyd edib ki, “Kontakt Home”un servisi məsuliyyəti istehlakçının üstünə atıb:
““Kontakt Home”dan naqilsiz tozsoran almışam. Zəmanət müddəti davam etdiyi halda cihaz enerji yığmamağa başladı və “Kontakt Home”un yönəltdiyi servisdən verilən aktda filtrdə su olduğu, adapterin orijinal olmadığı yazıldı və məsuliyyət istehlakçının üzərinə qoyuldu”.
Sübhan Məmmədov bildirib ki, cihazı aldığı gündən yalnız qutudan çıxan, yəni “Kontakt Home”un cihazla birgə ona satdığı adapterdən istifadə edib. Buna baxmayaraq, hazırda özü ittiham olunur:
“Cihazı aldığım gündən etibarən yalnız qutudan çıxan, mənə “Kontakt Home” tərəfindən təqdim edilmiş adapterlə istifadə etmişəm. Adapteri heç vaxt dəyişməmişəm. Lakin “istehlakçı qüsuru” qeydi ilə ittiham olunuram”.
Müştəri vurğulayıb ki, ona servisdən təqdim edilən aktda adapteri alıcının dəyişdiyinə dair heç bir fakt təqdim edilməyib. Sadəcə adapterin orijinal olmadığı yazılıb. “Kontakt Home” isə saxta məhsul satdığını qəbul etmir:
“Servis aktında “adapter orijinal deyil” yazılması ilə “adapteri alıcı dəyişib” iddiası eyni şey deyil. Mənim adapteri dəyişdirdiyimə dair heç bir fakt təqdim edilməyib. Nə texniki ekspertiza, nə foto, nə sənəd, nə də başqa bir əsaslandırma var. Sadəcə adapterin orijinal olmadığı deyilir və bunun əsasında məsuliyyət mənim üzərimə qoyulur. “Kontakt Home” isə qəbul etmir ki, orijinal olmayan məhsul satıb”.
Aidiyyəti orqanlara şikayət etdiyini deyən müştəri eyni zamanda tələb edib ki, qarşı tərəf “adapteri alıcı dəyişib” iddiasını sübut etsin.
Banu