“Kurtlar Vadisi” ssenaristləri İFADƏ VERDİ - Seriala bu məlumatı FETÖ ötürüb? + VİDEO

“Kurtlar Vadisi” serialının ssenaristi Raci Şaşmaz keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümünə dair istintaq çərçivəsində ifadə verib.

Sep 15, 2026 - 16:44
“Kurtlar Vadisi” ssenaristləri İFADƏ VERDİ - Seriala bu məlumatı FETÖ ötürüb? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, Silivri Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Raci Şaşmazla yanaşı serialın digər ssenaristləri- Bahadır Özdener və Cüneyt Aysan da şahid qismində dindiriliblər.

Raci Şaşmaz ifadəsində “Kurtlar Vadisi”nin cəmiyyətin reallıqlarını açıq mənbələr əsasında serial formatında təqdim etdiyini bildirib:

“Serialdakı "Kaşifoğlu" obrazı kəşfiyyat daxilindəki qarşıdurmaları əks etdirmək üçün yaradılıb. Obrazın hekayəsi başa çatdıqdan sonra isə serialda öldürülərək digər personajlara və mövzulara keçilib. Serialdakı obrazın ölümü həmin mövzunun başa çatmasını ifadə edir. Bunun real həyatla heç bir əlaqəsi yoxdur”.

Şaşmaz "İskəndər Büyük" obrazını da nümunə göstərib və qeyd edib ki, həmin obraz serialda ölsə də, ona ilham verdiyi deyilən real şəxslər həyatda və sağdırlar.

O,  ssenaristlərin heç bir qanuni və ya qanunsuz güc, yaxud cinayət ocağı ilə əlaqəsinin olmadığını vurğulayıb:

“Birinin ölümünü əvvəlcədən bilməyimiz mümkün deyil. Kaşif Kozinoğlunun ölümünü araşdırmaq prokurorluğun işidir. Əgər o, cinayətin qurbanı olubsa və ya ölümündə səhlənkarlıq varsa, bunların üzə çıxarılması və məsul şəxslərin cəzalandırılması bizim də istəyimizdir”.

R.Şaşmaz sosial mediada keçmiş MİT əməkdaşı Əli Fuat Yılmazerin (FETÖ-çu olduğu iddia edilir-red) serialın ssenarisinə müdaxilə etdiyi barədə iddiaları da təkzib edib. O, Yılmazeri tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını qeyd edib.

Qeyd edək ki, Kaşif Kozinoğlu türk hərbçisi və Milli Kəşfiyyat Təşkilatının (MİT)  Xarici Əməliyyatlar Departamentinin keçmiş rəhbəri olub. 2011-ci ildə “OdaTV işi” çərçivəsində həbs edilib və Silivri həbsxanasında saxlanılıb. K. Kozinoğlu elə həmin ilin 12 noyabrında həbsxanada vəfat edib. Səhhəti qəfil pisləşən Kozinoğlu üçün təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun öldürülməsi və ya zəhərlənməsi ilə bağlı iddialar səslənib. Yekun məhkəmə-tibbi rəy ölümün xroniki işemik ürək xəstəliyi ilə əlaqəli olduğunu müəyyən edib. Bundan sonra cinayət işinə xitam verilib. Silivri Respublika Baş Prokurorluğu hazırda Kozinoğlunun ölümü ilə bağlı yenidən araşdırma aparır.

Kurtlar Vadisi ilə əlaqə

“Kurtlar Vadisi Pusu” serialında “Kazım Kaşifoğlu” adlı kəşfiyyatçı obrazı yaradılıb. Bu obrazın prototipinin Kaşif Kozinoğlu olması məsələsi uzun illərdir müzakirə edilir. Buna əsas kimi də “Kazım Kaşifoğlu” ilə Kaşif Kozinoğlunun ölümlərinin eyniliyi göstərilir. 

Belə ki, serialdakı “Kazım Kaşifoğlu” obrazı serialın 10 noyabr 2011-ci ildə yayımlanan 136-cı seriyasında həbs olunur, hücrədə saxlanılır, döyülür və ölümlə hədələnir. Serialın bu bölümünün yayımlanmasından 2 gün sonra – 12 noyabrda Kaşif Kozinoğlu Silivri həbsxanasında vəfat edir.

Serialın 8 dekabr 2011-ci ildə yayımlanan 139-cu bölümündə isə “Kazım Kaşifoğlu”nun ölümü ilə bağlı səhnə göstərilir. Həmin səhnədə “Kara” obrazı “Kazım Kaşifoğlu”nun damarına şprislə hava yeridərək onu öldürür. 

Hazırda davam edən istintaq çərçivəsində “Kurtlar Vadisi Pusu”nun bu bölümləri də araşdırılır. Ssenaristlər - Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şübhəli kimi deyil, “məlumatlı şəxs” qismində ifadəyə çağırılıblar.

Banu