Məmməd Musayev həbsdən yayınmaq üçün hərəkətə keçib - "Aqrarkredit" işi
“Aqrarkredit” QSC-də (Bank Olmayan Kredit Təşkilatı) 100 milyon manatdan artıq kredit vəsaitinin mənimsənilməsi iddiaları ilə bağlı gündəmə gələn cinayət işi ətrafında yeni iddialar ortaya çıxıb.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, uzun illər “Aqrarkredit”ə rəhbərlik etmiş, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti olan Məmməd Musayev də istintaqın diqqət mərkəzindədir.
Mənbələrin bildirdiyinə görə, Məmməd Musayev mümkün həbs perspektivindən ciddi narahatdır. İddialara görə, o, belə bir ssenarinin qarşısını almaq məqsədilə müxtəlif istiqamətlərdə fəallığını artırıb və yüksək vəzifəli şəxslərlə əlaqələr qurmağa çalışır.
Mənbələrin iddiasına görə, Məmməd Musayev cinayət işi üzrə həbs olunan şəxslərin istintaq zamanı onun əleyhinə ifadələr verməməsi üçün hərəkətə keçib. Bu məqsədlə onların yaxın ətrafı ilə təmasların qurulmasına cəhdlər göstərilir və onların prosesə təsir imkanları araşdırılır.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler” MMC-nin direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarında saxlanılan şəxslərin bir hissəsinin Məmməd Musayevlə əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdiyi iddia olunur. Bildirilir ki, saxlanılanlardan Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə uzun illər müavini olub.
Xatırladaq ki, Məmməd Musayev həm də "Turanbank"ın faktiki sahibi kimi tanınır. Belə ki, adıçəkilən bankın səhmdarları arasında onun oğlu Azad Musayev də var.
Oğuz