Limon şirəsi niyə böyrək daşının dərmanıdır? - Tibbi İZAH

Limon şirəsi böyrək daşlarının yaranma riskini azaltmağa kömək edə bilər.

Jul 30, 2026 - 23:36
Jul 30, 2026 - 23:38
Limon şirəsi niyə böyrək daşının dərmanıdır? - Tibbi İZAH

SAVASHMEDIA.az xəbər verir ki, tanınmış həkim Vasif İsmayıl bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Həkimin sözlərinə görə, böyrək daşlarının təxminən 65-80 faizi kalsium oksalat tərkiblidir. O bildirib ki, orqanizmdə sümüklər olduğu müddətdə böyrəklər kalsium ifraz etməyə davam edir və bu prosesin qarşısını almaq mümkün deyil.

Vasif İsmayıl izah edib ki, kalsium böyrəklərdən xaric olarkən mütləq hansısa turşu ilə birləşərək duz əmələ gətirir. Bitki mənşəli qidalarda, xüsusilə çay və qəhvədə bol olan oksalat maddəsi ilə birləşdikdə yaranan kalsium oksalat suda həll olunmur. Bu isə bəzi insanlarda böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.

Həkim qeyd edib ki, oksalatlı qidaları tamamilə məhdudlaşdırmaq əvəzinə, limon və ya qreypfrut şirəsindən istifadə etmək daha faydalıdır. Onun sözlərinə görə, sitrus meyvələri orqanizmdə sitratın miqdarını artırır. Kalsium sitrat isə suda həll olunduğu üçün sidik vasitəsilə daha asan xaric edilir. Nəticədə kalsiumun oksalatla birləşmə ehtimalı azalır və böyrək daşının yaranma riski aşağı düşür.

Vasif İsmayıl limon şirəsinin hər gün, qreypfrut şirəsinin isə həftədə beş gün istifadə oluna biləcəyini bildirib.

Səlcuq