Meydan TV-nin həbsdə olan 3 xanım əməkdaşı BƏYANAT YAYDI - İstefa tələbi
Meydan TV-nin həbsdə olan üç əməkdaşı telekanalın Berlindəki rəhbərliyini qeyri-şəffaf idarəçilikdə, işçilərə psixoloji təzyiq göstərməkdə və həbsdəki jurnalistlərin müdafiəsinə lazımi diqqət ayırmamaqda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, Meydan TV-nin həbsdə olan üç əməkdaşı - Aytac Tapdıq, Xəyalə Ağayeva və Aysel Ümüdova bununla bağlı birgə bəyanat yayıblar.
Sənədi Meydan TV-nin Bakı ofisinin keçmiş rəhbəri, mühacir jurnalist Əfqan Muxtarlı sosial şəbəkə hesabında ictimailəşdirib.
Jurnalistlər bəyanatda bildiriblər ki, 13 ildir Azərbaycanda hüquqları pozulan insanların səsini çatdıran Meydan TV hazırda ciddi idarəçilik problemləri ilə üzləşib.
Onların iddiasına görə, telekanalda yaradıcı azadlıq məhdudlaşdırılır, əməkdaşlara psixoloji təzyiq göstərilir və rəhbərliyin mövqeyi ilə razılaşmayan işçilər istefa verməyə məcbur olurlar.
Bəyanatda əsas tənqidlər telekanalın meneceri Matt Kasper və baş redaktor vəzifəsini müvəqqəti icra edən Sevda Səmədovanın ünvanına yönəldilib.
Jurnalistlər iddia edirlər ki, Matt Kasper özünü direktor və əsas qərarverici şəxs kimi aparır, redaksiyanı qeyri-demokratik və qeyri-şəffaf şəkildə idarə edir. Sevda Səmədovanı isə əməkdaşlara qarşı mobbinq və zorakılıqda ittiham ediblər.
Həbsdəki jurnalistlərdən müdafiə kampaniyası ilə bağlı irad
Bəyanat müəllifləri həbsdə olduqları 23 ay ərzində rəhbərliyin onlara münasibətindən də narazılıqlarını ifadə ediblər.
Onların sözlərinə görə, müdafiə kampaniyaları təşkil olunmayıb, rəhbərliyə ünvanladıqları suallar cavabsız qalıb və məhkəmə prosesləri kifayət qədər geniş işıqlandırılmayıb. Jurnalistlər həbsxanadan hazırladıqları məqalələrin dərcinin süni şəkildə gecikdirildiyini iddia ediblər.
Onlar bu problemlərlə bağlı etirazlarına rəhbərlikdən qənaətbəxş cavab almadıqlarını bildiriblər.
Rəhbərliyin istefasını tələb edirlər
Jurnalistlər telekanalın hazırkı fəaliyyətindən narazı olduqlarını, bəzi materialların Azərbaycan cəmiyyətinin maraqlarına uyğun olmadığını və xarici məzmunun üstünlük təşkil etdiyini də iddia ediblər.
Bəyanat müəllifləri Meydan TV-də demokratik mühit bərqərar olana və adlarını çəkdikləri şəxslər vəzifələrindən uzaqlaşdırılana qədər hazırkı rəhbərliyi dəstəkləmədiklərini açıqlayıblar.
Onlar telekanalın Azərbaycan xalqına məxsus olduğunu vurğulayaraq, medianın azad jurnalistlərin ixtiyarına qaytarılacağına inandıqlarını bildiriblər.
Səlcuq