Pezeşkian Müctəba Xamenei ilə görüşüb istefa vermək istədi - SEPAH HƏDƏLƏDİ

İran Prezidenti Məsud Pezeşkian istefa vermək istəyir.

Mar 18, 2026 - 13:16
Pezeşkian Müctəba Xamenei ilə görüşüb istefa vermək istədi - SEPAH HƏDƏLƏDİ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Mətbuatın etibarlı mənbəsi bildirib ki, Pezeşkian hətta qərarını bildirmək üçün İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüş də tələb edib. Lakin İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) buna icazə verməyib.

Məlumata görə, Məsud Pezeşkianı bu qərarı almağa sövq edən səbəb İranın yüksəkvəzifəli şəxslərinin sui-qəsdə məruz qalmasıdır. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic”qüvvələrinin komandiri Qulamrza Süleymaninin öldürülməsindən sonra Pezeşkianın SEPAH-a qəzəbi daha da artıb. O, SEPAH-ı Əli Laricanini lazimi səviyyədə qorumamaqda ittiham edib. SEPAH rəsmiləri isə öz növbəsində istefa niyyətinə görə Məsud Pezeşkianı hədələyib.

Mənbə bu məsələ ilə bağlı bildirib ki, Əli Xameneinin ölümündən sonra İranın Ali Rəhbər hakimiyyətində ikitirəlik yaranıb – Müctəba Xameneinin tərəfdarları və Əli Laricaninin tərəfdarları. Müctəba Xameneinin tərəfdarları Əli Laricaninin getdikcə daha da artan nüfuzundan qorxduqları üçün onu aradan götürülməsində maraqlı olublar. 

Əli Laricani həm də SEPAH daxilində təsirli fiqurlardan biri sayılan Əhməd Vəhidiyə rəqib kimi qəbul olunub. Buna görə də bəzi siyasi dairələrdə hadisənin təkcə mühafizə boşluğu deyil, məqsədli daxili siyasi hesablaşma olduğu da iddia edilir.

Mənbə qeyd edir ki, Pezeşkian baş verənləri görür və hakimiyyət daxilindəki mövcud vəziyyəti bütün sistemin dağılması kimi qiymətləndirir, ciddi narahatlıq keçirir. Ona görə də istefa verib çəkişmələrdən uzaq qalmağı hədəfləyir.

Xatırladaq ki, Əli Laricani Müctəba Xameneinin Ali Rəhbər seçildiyi gün etiraz edənlərdən biri olub. O, bu vəzifənin atadan oğula keçməsi ilə bağlı narazılığını bildirərək qardaşı Sadiq Laricaninin namizədliyini dəstəkləyib. Lakin SEPAH-ın zoru ilə Müctəba Xamenei Ali Rəhbər seçildikdən sonra durumu qəbul etməyə məcbur olub. Görünür, bu məsələdən sonra Ali Rəhbər hakimiyyətində ikitirəlik yaranıb.

Banu